Ekspert: "Yerli müzakirələr Yeni Şəhərsalma Gündəliyini başa düşməyə kömək edəcək"

İnfrastruktur
  • 22 may, 2026
  • 12:45
Ekspert: Yerli müzakirələr Yeni Şəhərsalma Gündəliyini başa düşməyə kömək edəcək

Yerli səviyyədə müzakirələr insanların Yeni Şəhərsalma Gündəliyini başa düşməsinə kömək edəcək.

"Report" xəbər verir ki, bunu Asiya Mənzil Hüquqları Koalisiyasının baş katibi Lajana Manandhar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə deyib.

"Biz Yeni Şəhərsalma Gündəliyinin (New Urban Agenda) həyata keçirilməsini, kasıb icmaların, qeyri-rəsmi məskunlaşan şəxslərin bundan faydalanması üçün hələ də çalışırıq. Lakin düşünürəm ki, növbəti 10 ildə effektiv hesabatlılıq üçün çatışmayan və ya edilməsi lazım olan əsas məsələ hesabat verməklə bağlı aşağıdan yuxarıya doğru bir prosesin olmasıdır. İndi hər şey daha çox mərkəzləşdirilib. Şəhərlərdə böyük bir iclas və ya konkret qruplarla məsləhətləşmələr olur, lakin bu, həqiqətən yerli səviyyədə deyil. Çox vaxt məlumatlar yerli səviyyədən əldə edilir, lakin yerli səviyyədə icma məsləhətləşmələri çatışmır", - o vurğulayıb.

Qonaq əlavə edib ki, insanlar bunun necə baş verdiyindən xəbərsizdirlər və onların yerli səviyyədə danışmaları üçün çox fürsət yoxdur: "Düşünürəm ki, əgər biz aşağıdan yuxarıya doğru bir sistem qura bilsək, yəni məlumatları, təcrübələri, insanların hisslərini aşağıdan - icmalardan, həmçinin yerli hökumətlərdən və şəhərlərin real maraqlı tərəflərindən toplayıb milli səviyyədə birləşdirə bilsək, bu, daha effektiv olar. İnsanların bu gündəlikdə müzakirə aparmaq və iştirak etmək imkanı olacaq. Bu, təkcə hesabat prosesinə töhfə vermək deyil, həm də insanların Yeni Şəhərsalma Gündəliyinin nə olduğunu anlamalarına kömək edəcək. Qarşımızda hələ uzun yol var və bu prosesə çoxlu yeni insanlar, xüsusən də gənclər qoşulur, ona görə də onlar öyrənməlidirlər. Hesabat vermək təkcə hesabat xatirinə deyil, həm də yeni insanları gündəlik haqqında məlumatlandırmaq və maarifləndirmək üçündür, yerli səviyyədə müzakirələr buna kömək edəcək".