Ekspert: "TOD tipli yaşayış massivlərində mənzillər tez satılır"
- 21 may, 2026
- 16:30
TOD (İctimai Nəqliyyat Yönümlü İnkişaf) tipli yaşayış massivlərində mənzillər tez satılır.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın "STEP City" təşkilatının təsisçisi Alina Bisimbayeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ənənəvi şəhər yanaşmasında əvvəlcə bütövlükdə ərazi planlaşdırılması, mühəndislik infrastrukturu və zonalaşdırma formalaşdırılır, nəqliyyat isə kənarda qalır: "Əslində nəqliyyat sonda inteqrasiya olunur, nəticədə də insanların əksəriyyəti üçün rahat olmur. Əgər insanlar keyfiyyətli ictimai nəqliyyatın yaxınlığında yaşamaq şansına sahib olublarsa, bu, əladır. Əgər onların yaxınlığından keyfiyyətli nəqliyyat sistemi yoxdursa, onlar avtomobillə getməyə, tıxaclarda qalmağa məcbur olurlar və bununla bağlı bütün xoşagəlməz nəticələr ortaya çıxır".
Qonaq əlavə edib ki, TOD prinsipial olaraq fərqli yanaşmadır: "Hər şey dayanıqlı şəhər mobilliyi sistemi və ictimai nəqliyyat ətrafında formalaşır. Amma bu, təkcə hansısa ictimai fikir və ya təşəbbüs deyil. Bu, şübhəsiz ki, özündə iqtisadi səmərəni də ehtiva edir. TOD-un yaxınlığında formalaşan yaşayış massivlərində mənzillər digər yerlərlə müqayisədə bir 1,5-2 dəfə daha tez satılır. Müvafiq olaraq, tikinti xərcləri də 5-10 % daha aşağı olur, çünki belə olan halda, nəqliyyat qovşağı olmayan yerlərdə parklanmalı olan bütün maşınlar üçün nəhəng dayanacaq sahələri formalaşdırmağa ehtiyac qalmır. Eyni zamanda, yanında keyfiyyətli ictimai nəqliyyat olan yaşayış sahələrinin dəyəri, adətən, olmayanlara nisbətən 5-15 % daha yüksək olur".