Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir

Elm və təhsil
  • 05 noyabr, 2026
  • 11:15
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya" mövzusunda Respublika elmi-praktik konfransı öz işinə başlayıb.

"Report" xəbər verir ki, konfransın açılış mərasimində BDU-nun rektoru Elçin Babayev çıxış edib.

Rektor Azərbaycan radiosunun 100 illik yubileyinin məhz BDU-da qeyd olunmasının təsadüfi olmadığını bildirib:

"Azərbaycan radiosunun təşəkkülü və inkişafı BDU ilə sıx bağlıdır. Radionun ilk əməkdaşları, o cümlədən ilk diktorlarının əksəriyyəti Bakı Darülfünunun, yəni, Bakı Dövlət Universitetinin məzunları olublar. Onlar Azərbaycan radiojurnalistikasının peşəkar ənənələrinin formalaşmasına mühüm töhfələr veriblər. BDU uzun illər radio və televiziya üçün ixtisaslı jurnalist kadrlarının hazırlanmasında aparıcı rol oynayıb. Bununla yanaşı, radio və televiziya jurnalistikasının nəzəri və praktik problemlərinin elmi baxımdan araşdırılmasında BDU-nun Jurnalistika fakültəsinin alimləri mühüm xidmətlər göstəriblər".

O vurğulayıb ki, Azərbaycan radiosunun tarixi əhəmiyyətini daha dərindən anlamaq üçün onun cəmiyyət həyatında oynadığı rola nəzər salmaq lazımdır:

"Ötən əsrin 50-ci illərinin ortalarında televiziya geniş yayılmağa başlayana qədər radio dünyanın əsas informasiya və kommunikasiya vasitələrindən biri olub. Azərbaycanda da radio uzun müddət ictimai-siyasi informasiya və təbliğatın başlıca vasitələrindən biri kimi fəaliyyət göstərib. Sovet dövrünün ideoloji məhdudiyyətlərinə baxmayaraq, o, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin və ana dilimizin qorunub yaşadılmasında mühüm rol oynayıb. Azərbaycan ədəbi dilinin inkişafı, klassik musiqimizin, muğam sənətimizin, folklorumuzun və zəngin ədəbi irsimizin geniş auditoriyaya çatdırılması radionun tarixi xidmətləri sırasındadır".

Qeyd edək ki, konfransda Media və Yayım Şurasının sədri Əhməd İsmayılov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi"nin rəisi Əlibaba Əliyev, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli çıxış edəcəklər.

44 filmi