Ekspert: "Qarabağın xarici investisiyalar üçün cəlbediciliyi əhəmiyyətli dərəcədə artırılacaq"

İnfrastruktur
  • 21 oktyabr, 2022
  • 08:13
Ekspert: Qarabağın xarici investisiyalar üçün cəlbediciliyi əhəmiyyətli dərəcədə artırılacaq

Qarabağda müasir standartlara cavab verən nəqliyyat-logistika infrastrukturunun yaradılması regionun xüsusilə xarici investisiyalar üçün cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır.

Bunu “Report”a açıqlamasında Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsini şərh edən iqtisadçı-ekspert Amal Həsənli deyib.

“Uzun illər Erməni tapdağı altında olan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuz tərəfindən azad ediləndən sonra həmin ərazilərin bərpası əsas prioritetə çevrildi. Dərhal genişmiqyaslı quruculuq işlərinə start verildi. Bura yolların, hava limanlarının, elektrik stansiyalarının, su təsərrüfatı obyektlərinin tikintisi və bərpası daxildir. Təkcə keçən il heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə 700 kilometrə yaxın yollar çəkilib. Öncə Füzuli, indi isə Zəngilan hava limanı istismara verildi. Növbəti mərhələdə Laçında da analoji standartlara cavab verən hava limanı istismara veriləcək. Artıq reallaşdırılmış və icrası nəzərdə tutulan infrastruktur layihələri regionun gələcək sosial-iqtisadi inkişafı üçün fundamental zəmin formalaşdırır”.

Ekspert işğaladan azad edilmiş ərazilərin zəngin təbii resurslara malik olduğunu vurğulayıb: “İşğaldan azad edilən rayonlar vaxtilə taxıl, üzüm, pambıq istehsalında, eyni zamanda heyvandarlıq sahəsində əhəmiyyəti pay sahibi olublar. Həyata keçirilən infrastruktur layihələri həmin ərazilərdə ənənəvi iqtisadi sektorların, o cümlədən kənd təsərrüfatı, turizm, sənaye, aqrar-emal sahələrinin yenidən canlandırılmasında fundamental yol oynayır".

Amal Həsənli

A. Həsənli hesab edir ki, qlobal iqtisadiyyatda cərəyan edən qeyri-sabitlik fonunda ölkələrin ərzaq təhlükəsizliyi məsələsi daha da aktuallaşıb ki, Azərbaycan da bu mənada istisna deyil: "Ölkəmizdə son illər xüsusilə taxılla təminatda yerli mənbələrin payının artırılması istiqamətində əməli işlər görülür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 125,8 min hektar suvarılan torpaq sahəsi işğal altında idi. Səksəninci illərdə ölkə üzrə cəmi əkilən taxıl və tütün sahələrinin müvafiq olaraq 14,3 %-i və 24,7 %-i məhz işğal altında olan torpaqların payına düşüb. Cənab Prezidentin tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işləri aparılacaq. Həmin ərazilərdə ənənəvi sahələrlə yanaşı həm də meyvə və tərəvəzçiliyin, eyni zamanda heyvandarlıq üçün yem bitkiləri sahəsinin inkişafı da mümkün olacaq. Bu zaman inkişaf etmiş irriqasiya sisteminin və kifayət qədər su ehtiyatlarının olması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın yerli su ehtiyatlarının 25 %-i, yəni ildə təqribən 2,560 milyard kubmetr su ehtiyatları məhz bu ərazidə formalaşır. Ona görə, içməli su və suvarma sahəsində reallaşdırılan layihələr təkcə azad edilən ərazilər üçün deyil həm də bütün ölkənin ərzaq təhlükəsizliyinin təminatı yönündə vacib amildir.”.

Onun sözlərinə görə, infrastruktur layihələri Qarabağın investisiya cəlbediciliyinin yüksəlməsində müstəsna rol oynayacaq.

“Sovet vaxtında Kəlbəcər ərazisində yerləşən İstisu sanatoriyası bütün ittifaq respublikaları arasında çox məşhur yer idi. Həmin sanatoriyanın bərpası nəzərdə tutulur. Orada 150-160 yerlik müasir hotel tikiləcək, müalicəvi içməli suyun istehsalına başlanılacaq. Toğana-Kəlbəcər avtomobil yolu və 12 kilometrlik tunelin çəkilməsi ilə Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Laçın hava limanı istifadəyə veriləndən sonra turistlər rahatlıqla İstisuya gələ biləcəklər. Turist axını ilə paralel əlavə obyektlərin yaranması, turizm infrastrukturunun genişləndirilməsi prosesi gedəcək. Bu isə əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq.

Görülmüş işlər artıq öz bəhrəsini verir deyə bilərik. Belə ki, Qarabağdakı layihələrdə iştirak üçün hökumətə 390-a yaxın xarici şirkətdən müraciət daxil olub. Bu mənada birmənalı şəkildə demək olar ki, həyata keçirilən infrastruktur layihələri təkcə işğaldan azad edilən ərazilərin deyil, bütövlükdə Azərbaycanın makroiqtisadi inkişafının təmin olunmasında müstəsna əhəmiyyətə malikdir”, - A. Həsənli vurğulayıb.

44 - Tezliklə