EDB: Qazaxıstan Orta Dəhliz çərçivəsindəki layihələrə 12 milyard dollardan çox pul qoyacaq

İnfrastruktur
  • 11 sentyabr, 2026
  • 14:20
EDB: Qazaxıstan Orta Dəhliz çərçivəsindəki layihələrə 12 milyard dollardan çox pul qoyacaq

Orta Dəhliz çərçivəsində Qazaxıstan layihələrinin həyata keçirilməsinə 12 milyard ABŞ dollarından çox vəsait yönəldilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) İnteqrasiya Araşdırmaları Mərkəzinin baş analitiki Aydos Omarov "Avrasiyada nəqliyyat dəhlizlərinin infrastrukturu: inkişafın nəticələri və əsas investisiya tendensiyaları" adlı təqdimatda bildirib.

O vurğulayıb ki, Qazaxıstan təkcə Mərkəzi Asiyada deyil, həm də bütün Avrasiya regionunda ən böyük nəqliyyat habıdır.

"Biz ümumi dəyəri 32,6 milyard ABŞ dolları olan 55-ə yaxın layihə qeydə alırıq. Bu, Mərkəzi Asiyanın bütün investisiya portfelinin demək olar ki, yarısını təşkil edir. İnvestisiyaların əsas hissəsi (təxminən 22,7 milyard ABŞ dolları) yerüstü infrastrukturun - avtomobil yollarının yaradılmasının, 6 milyard ABŞ dollarından bir qədər çoxu isə dəmir yolu layihələrinin payına düşür", - o dəqiqləşdirib.

A.Omarov maliyyələşdirmənin müxtəlif mənbələrə əsaslandığına diqqət çəkib: 21 layihə dövlət büdcəsi, 34 layihə borc vəsaitin cəlb edilməsi hesabına, 14 layihə isə beynəlxalq bankların iştirakı ilə həyata keçirilir.

"Qazaxıstan bir neçə strateji istiqamətə malik olan şaxələndirilmiş geniş struktura malikdir. Ən çox investisiya (təxminən 16 milyard ABŞ dolları) tələb edən istiqamət TRACECA dəhlizidir. Mərkəzi Avrasiya dəhlizi analoji məbləğdə vəsait nəzərdə tutur, Orta Dəhlizə isə 12 milyard dollardan bir qədər çox vəsaitin ayrılması planlaşdırılır", - A.Omarov bildirib