EBRD ilə ASCO-nun Xəzərdən kənar fəaliyyətinin genişləndirilməsi müzakirə edilib

İnfrastruktur
  • 08 iyul, 2026
  • 14:02
EBRD ilə ASCO-nun Xəzərdən kənar fəaliyyətinin genişləndirilməsi müzakirə edilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə donanmanın tərkibinin yeni gəmilərlə zənginləşdirilməsi və Xəzərdən kənar fəaliyyətin genişləndirilməsini müzakirə edib.

"Report" bu barədə ASCO-ya istinadən xəbər verir.

EBRD-nin nümayəndə heyəti ilə keçirilən görüşdə həmçinin ASCO-nun strateji inkişaf prioritetləri, daşımaların səmərəliliyinin daha da artırılması üzrə nəzərdə tutulan hədəflər barədə ətraflı məlumat verilib.

Görüş zamanı rəqəmsallaşma, innovativ həllərin tətbiqi və müasir çağırışlara uyğun korporativ idarəetmə yanaşmaları istiqamətində həyata keçirilən və planlaşdırılan layihələr də diqqətə çatdırılıb.

Müzakirələr zamanı tərəflər əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirərək, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə potensial tərəfdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

Xatırladaq ki, 2024-cü ildə ASCO Avropa Yenidənqurma və İnkişaf Bankı ilə dövlət zəmanəti olmadan 2 ədəd "Handysize" tipli quru yük gəmisinin maliyyələşməsi üzrə kredit müqaviləsi imzalayıb. Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları təşkil edir. Kredit müqaviləsi gəmilərin alınmasının 70 %-nin EBRD tərəfindən ayrılan kredit vəsaiti, 30 %-nin isə ASCO-nun daxili imkanları hesabına maliyyələşməsini nəzərdə tutur.

Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq, "Bakı Gəmiqayırma Zavodu" MMC-də (BGZ) iki ədəd neft və kimyəvi məhsullar daşıyan tanker və üç ədəd dalğıc gəmisinin inşası üçün sifariş verilib.

Yeni tankerlər 8 min ton yükdaşıma qabiliyyətinə malik olacaqlar. Dalğıc gəmiləri isə dənizin 45 metr dərinliyində işləmək üçün nəzərdə tutulub.