EBRD Gəncə və Şəki su infrastrukturunun yenilənməsinə tələb olunan investisiyaların həcmini açıqlayıb

İnfrastruktur
  • 24 fevral, 2026
  • 11:11
EBRD Gəncə və Şəki su infrastrukturunun yenilənməsinə tələb olunan investisiyaların həcmini açıqlayıb

Gəncə və Şəki şəhərlərində su infrastrukturunun yenilənməsi məqsədilə ümumilikdə 500 milyon avrodan artıq investisiya nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan nümayəndəliyinin əməkdaşı Real Hacıyev "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Gəncə şəhərində həyata keçiriləcək layihənin ümumi dəyəri 410 milyon avro təşkil edir.

"Layihə çərçivəsində su təchizatı bazası, suyun toplanması və təmizlənməsi qurğuları, həmçinin yağış sularının idarə olunması infrastrukturu yaradılacaq. Bu layihə üzrə artıq 35 milyon avroluq maliyyə sənədləri imzalanıb, əlavə 120 milyon avronun isə bu il ərzində rəsmiləşdirilməsi gözlənilir. Şəki şəhərində və ətraf kəndlərdə su infrastrukturunun yaxşılaşdırılması layihəsinin ümumi investisiya dəyəri isə təxminən 95 milyon avrodur. Bu məbləğin 57 milyon avro hissəsi üzrə sənədlərin imzalanması cari ildə planlaşdırılır".

EBRD nümayəndəsi vurğulayıb ki, layihələrin məqsədi su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi, itkilərin azaldılması və şəhərlərdə dayanıqlı su idarəçiliyinin təmin olunmasıdır.

Xatırladaq ki, EBRD Gəncədə su təchizatının modernləşdirilməsi, kanalizasiya və yağış sularının idarə edilməsinin yaxşılaşdırılması, həmçinin sutəmizləyici qurğuların tikintisi üçün 35 milyon avro suveren kredit ayırıb. Layihənin ümumi dəyəri 410 milyon avro təşkil edir. Kredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək.

Şəki şəhərində və ətraf kəndlərdə su təchizatı, kanalizasiya və yağış sularının axıdılması şəbəkələrinin, həmçinin çirkab suların təmizlənməsi stansiyasında bioloji təmizləyici qurğuların tikintisi üçün isə EBRD 89 milyon avro məbləğində kredit ayırıb. Layihənin ümumi dəyəri 93 milyon avro qiymətləndirilir. Bunun da 4 milyon avroyadək hissəsinin investisiya qrantı şəklində cəlb edilməsi planlaşdırılır.