Dünya Bankı Orta Dəhlizin inkişafına dair əsas şərtləri açıqlayıb

İnfrastruktur
  • 02 oktyabr, 2026
  • 15:37
Dünya Bankı Orta Dəhlizin inkişafına dair əsas şərtləri açıqlayıb

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, TBNM) perspektivləri onun kommersiya strukturlarını cəlb etmək və region dövlətlərinə real iqtisadi fayda vermək qabiliyyəti ilə müəyyən edilir.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən "CAMCA-2026" Regional Forumunda bildirib.

"TBNM-in məhsuldarlığı və ardıcıl inkişafı kommersiya sektorunun etimad səviyyəsindən və region ölkələri üçün real iqtisadi səmərədən birbaşa asılıdır", - R.Prays bildirib.

O vurğulayıb ki, Orta Dəhliz regionlararası inteqrasiyanın və əlaqələndirilmiş tərəfdaşlığın bariz nümunəsidir və o, CAMCA (Mərkəzi Asiya, Qafqaz və Əfqanıstan) regionu dövlətlərinin iqtisadi inkişafını köklü şəkildə transformasiya etmək qabiliyyətinə malikdir: "Lakin onun uğurlu şəkildə reallaşdırılması işgüzar dairələrin anlayışında bu marşrutun nə dərəcədə rəqabətədavamlı, sabit, proqnozlaşdırıla bilən və investisiya baxımından cəlbedici olmasından asılı olacaq. TBNM-in potensialının açılmasının ən mühüm şərti həm də iştirakçı dövlətlərin və onların vətəndaşlarının bu nəqliyyat-logistika marşrutunun işindən tam həcmdə iqtisadi dividendlər və praktiki üstünlüklər əldə etməsi qabiliyyəti olacaq".

Dünya Bankı Qrupu TBNM-in inkişafını dəstəkləmək üçün 2027-ci ilin iyul ayınadək 1,2 milyard ABŞ dolları həcmində investisiya öhdəliklərini öz üzərinə götürməyi planlaşdırır.

Xatırladaq ki, Dünya Bankının "İnteqrasiya: Transxəzər Nəqliyyat Marşrutu boyunca yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına uyğun olaraq, TBNM 2040-cı ilə qədər fiziki infrastruktura 25 milyard dollardan çox kapital qoyuluşunun cəlb edilməsini tələb olunur.

Bununla yanaşı, sərmayələrin prioritet istiqamətləri dəmir yolu şəbəkələri, dəniz limanları və yol infrastruktudur.

Bundan başqa, "təminedici" investisiyalara təxminən 30 milyard dolların ayrılması tələb olunur. Buraya dəhlizi milli iqtisadiyyatlara inteqrasiya edən birləşdirici avtomobil və dəmir yolları, yük hərəkətini sürətləndirmək məqsədilə logistika qovşaqları və daxili terminallar, eləcə də bütün nəqliyyat şəbəkəsinin fasiləsiz fəaliyyətini təmin edən logistika avadanlıqları - hərəkət heyəti (lokomotivlər və vaqonlar), yükləmə-boşaltma texnikası və rəqəmsal platformalar daxildir.