Dünya Bankı: İslahatlar və Orta Dəhlizə investisiyalar tranzit müddətini üçdə iki azalda bilər

İnfrastruktur
  • 28 sentyabr, 2026
  • 18:03
Dünya Bankı: İslahatlar və Orta Dəhlizə investisiyalar tranzit müddətini üçdə iki azalda bilər

Avropa və Mərkəzi Asiya ölkələri Şərqi Asiya, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanın qalan hissəsini birləşdirən əsas ticarət dəhlizinin modernləşdirilməsi və dərin inteqrasiyası yolu ilə sürətli iqtisadi inkişafa, məşğulluğun artmasına və özəl kapitalın cəlb edilməsinə nail ola bilərlər.

Bu barədə "Report" Dünya Bankının "İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına istinadən xəbər verir.

Qeyd edilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM, Orta Dəhliz) məqsədyönlü investisiyalar bu istiqamətdə yükdaşımaları üç dəfədən çox artıra, tranzit müddətini iki dəfə azalda, 2040-cı ilədək ÜDM-in 3,3 % artmasına və 2 milyon yeni iş yerinin yaradılmasına imkan verə bilər.

Hesabatda həmçinin vurğulanıb ki, infrastruktur investisiyaları ticarət və nəqliyyat sisteminin səmərəliliyinin artırılmasına yönəlmiş islahatlarla birləşdirilərsə, 2040-cı ilədək dəhliz üzrə yükdaşımaların həcmi dörd dəfə arta, tranzit müddəti isə üçdə iki azala bilər.

Hesabata əsasən, bu göstəricilərə dəhliz boyunca yerləşən doqquz ölkədə - Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanda - nəqliyyat sahəsindəki problemlərin aradan qaldırılması, logistika zəncirlərinin etibarlılığının artırılması və bazarlara çıxışın genişləndirilməsi hesabına nail olmaq mümkündür.

"Baxmayaraq ki, Ermənistan hazırda TBNM-i qəbul edən ölkələr sırasında deyil, onun 2030-cu illərdə marşrutla birbaşa fiziki bağlantılar quracağı ehtimal olunur. Hesabatın analitik üfüqünün 2023-2040-cı illəri əhatə etdiyini nəzərə alaraq, Ermənistan aparılan hesablamalara daxil edilib", - Dünya Bankı qeyd edib.

44 - Tezliklə