Dünya Bankı: "Azərbaycana "Ağıllı kənd"lə bağlı "Yol xəritəsi"nin ilkin konturları təqdim edilib"

İnfrastruktur
  • 21 noyabr, 2022
  • 08:08
Dünya Bankı: Azərbaycana Ağıllı kəndlə bağlı Yol xəritəsinin ilkin konturları təqdim edilib
Sara Maykl

Dünya Bankı Azərbaycan hökumətinə "Ağıllı kənd" konsepsiyasının tətbiqi ilə bağlı çərçivəni, qlobal nümunələri, həmçinin bu konsepsiyanın tətbiqi ilə bağlı "Yol xəritəsi"nin ilkin konturlarını təqdim edib.

"Report" xəbər verir ki, bunu Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl Bakıda keçirilən “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” mövzusunda beynəlxalq konfransda bildirib.

"Biz Azərbaycan hökumətinə çox vacib və innovativ təşəbbüslərin reallaşdırılmasında dəstəyimizi davam etdiririk. Dünya Bankı "ağıllı kənd" təşəbbüslərini müxtəlif ölkələrdə, regionlarda dəstəkləyir. Biz Azərbaycan hökumətinə "Ağıllı kənd" proqramının icrasında dəstək göstərməkdən qurur duyuruq. Ötən il "Azərbaycanda ağıllı kəndlər" hesabatını dərc etdik", - S. Maykl deyib.

Qeyd edək ki, beynəlxalq konfrans Dünya Bankının dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilib. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, müxtəlif dövlət orqanlarının, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda  “Xidmətlərinin rəqəmsallaşdırılması və dayanıqlı həyat tərzi”, “Yaşıl enerjiyə keçid”, “Azərbaycanda “Ağıllı kənd” konsepsiyasının tətbiqi”, “Kənd yerlərində tətbiq olunacaq ağıllı həllərin tətbiqi və dayanıqlılığın təmin edilməsində özəl sektorun rolu” mövzusunda müzakirələr və təqdimatlar keçirilib.

44 - Tezliklə