Deputat: "Aqrar təyinatlı torpaqları vətəndaşlara satanlar qanun qarşısında cavab verməlidir"
- 26 yanvar, 2023
- 08:58
Yeniliklərdən dərhal xəbərdar olun!
İlk xəbər saat 12:40-da verilib
Kənd təsərrüfatı təyinatlı torpaqları vətəndaşlara satan vəzifəli şəxslər qanun qarşısında cavab verməlidir.
“Report” xəbər verir ki, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.
"Bu gün ölkədə əsas problemlərdən biri sənədsiz evlərlə bağlıdır. Bələdiyyələrin vətəndaşlara satdığı torpaqlar təftiş olunmalıdır. Əgər həmin torpaqlar aqrar sahə üçün nəzərdə tutulubsa, niyə orada fərdi evlər tikilib? Həmin evlərin sahiblərinin sənəd məsələləri həll olunmalıdır. Bu, minlərlə insanı əhatə edir", - deyə o qeyd edib.
***
İclasda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan İstifadə şöbəsinin müdiri Firudin Tağıyev isə bildirib ki, 17 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi şəxslər ev tikməkdədir: "Bizdən isə bu torpaqlara aid səmərəlilik tələb edilir. Problem bələdiyyələrdən və icra hakimiyyətlərindən qaynaqlanır. Yerli özünü idarəetmə qurumlarının torpaqlar üzərində sərəncam vermək səlahiyyəti dondurulub, lakin icra hakimiyyətləri hələ də torpaqlarda tikinti aparmağa rəy verir. Bu məsələyə aydınlıq gətirilməlidir. Ya bu torpaqlar bağışlanmalıdır, ya da problem başqa yolla həll olunmalıdır".