Cəmil Manizadə: "A321neo" təyyarəsinin alışı AZAL-ın hədəfləri üçün əhəmiyyətli addımdır
- 24 iyun, 2026
- 16:31
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Airbus"dan ilk "A321neo" təyyarəsini alması aviaşirkətin uzunmüddətli strategiyasının həyata keçirilməsində əhəmiyyətli addımdır.
"Report"un Hamburqa (Almaniya) ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə AZAL-ın kommersiya direktoru Cəmil Manizadə təyyarənin aviaşirkətə təhvil verilməsi mərasimində bildirib.
"Bu, aviaşirkətimizin donanmasında ilk Airbus 321 təyyarəsidir. Bu təyyarənin alınması sadəcə donanmamızın böyüməsi demək deyil. Bu, uzunmüddətli strategiyamızın həyata keçirilməsində əhəmiyyətli bir addımdır. Modernləşdirməyə, səmərəliliyə, sərnişin rahatlığına və davamlı inkişafa yönəlmiş strategiyamızın", - Manizadə deyib.
Onun sözlərinə görə, "321neo" təyyarələr ailəsi AZAL-ın strategiyasına ideal şəkildə uyğundur. "Bu təyyarə bizə daha uzağa, daha səmərəli və daha rahat uçmağa imkan verəcək. Bütün Airbus komandasına, eləcə də AerCap-dan olan tərəfdaşlarımıza və digər hamıya səmimi təşəkkürümüzü bildirmək istərdim. Bu gün biz tariximizdə yeni bir fəsil açırıq. Donanmamızı digər bu cür təyyarələrlə də zənginləşdirəcəyik, bu da aviaşirkəti daha güclü və rəqabətədavamlı edəcək", - o qeyd edib.
"Airbus"ın proqramlar üzrə baş meneceri Bruno Kastola (Bruno Castola) isə qeyd edib ki, şirkət AZAL-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
"Biz əməkdaşlığımızdan çox razıyıq və tərəfdaşlığımızı yeni səviyyəyə çıxarmaq istəyirik", - o bildirib.
Mərasimdə çıxış edən "Airbus" və "AerCap" rəhbərləri qeyd ediblər ki, yeni təyyarənin alınması AZAL-a uçuş coğrafiyasını genişləndirməyə və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətini artırmağa imkan verəcək.