Fond rəhbəri: Havanın keyfiyyətinin pisləşməsi qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarını artırır
- 20 may, 2026
- 15:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Atmosfer havasının çirklənməsi ilə əlaqədar ölümlərin təxminən 86 %-i qeyri-yoluxucu xəstəliklərin, o cümlədən ürək xəstəlikləri, xroniki ağciyər patologiyaları, diabet və demensiyanın payına düşür.
"Report" xəbər verir ki, bu barədə "Clean Air Fund" fondunun "Breathe Cities" təşəbbüsünün icraçı direktoru Sesilia Vaka Cons Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bildirib.
Onun sözlərinə görə, bu gün havanın çirklənməsi ictimai səhiyyə sahəsində ən böyük qlobal böhranlardan biridir. "Havanın çirklənməsi tütün çəkməkdən daha çox erkən ölümə səbəb olur", - o vurğulayıb.
Sesilia Vaka Cons qeyd edib ki, pis ekologiya eyni zamanda beş yaşınadək uşaqlar arasında ölümün ikinci ən böyük səbəbidir və bu, reytinqdə yalnız yetərsiz qidalanmadan geri qalır.
O, bildirib ki, havanın keyfiyyətinə sadəcə ekoloji problem kimi deyil, uzunömürlülüyün, təhlükəli xəstəliklərin profilaktikasının və əhalinin həssas qruplarının müdafiəsinin ən mühüm məsələsi kimi yanaşmaq lazımdır.
"Biz havanın çirklənməsini azaltdıqda, bütün dünyada astma tutmalarının, insultların, infarktların, xəstəxanaya yatırılma hallarının və erkən ölümlərin avtomatik olaraq qarşısını alırıq", - "Breathe Cities" rəhbəri deyib.