BMT rəsmisi: "Mərkəzi və Qərbi Asiyada urbanizasiya mənzil böhranını dərinləşdirir"

İnfrastruktur
  • 20 may, 2026
  • 13:03
BMT rəsmisi: Mərkəzi və Qərbi Asiyada urbanizasiya mənzil böhranını dərinləşdirir

Son on ildə Mərkəzi və Qərbi Asiyada urbanizasiya sürətlə artıb və bu, şəhər infrastrukturu ilə mənzil sistemlərinə ciddi təzyiq yaradıb.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Qlobal Həllər Bölümünün direktoru Raf Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, bu vəziyyət əlçatan və adekvat mənzil çatışmazlığını dərinləşdirir, yaşayış xərclərini artırır: "Torpaq və infrastruktur üzərində təzyiqləri gücləndirir. Bir çox ailələr üçün mənzil xərcləri artıq ailə büdcəsinin ən böyük hissəsini təşkil edir. Bunun sosial inklüzivlik, ictimai sağlamlıq, gender bərabərliyi və iqtisadi dayanıqlılıq baxımından ciddi nəticələri var".

R. Tuts əlavə edib ki, region şəhərlərinin üzləşdiyi problemlər ayrı-ayrı şəkildə həll oluna bilməz: "Urbanizasiya, mənzil çatışmazlığı, enerji səmərəliliyi və iqlim dayanıqlılığı ilə bağlı çağırışlar bir-biri ilə sıx bağlıdır. Məhz buna görə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunun yaradılması vaxtında atılmış mühüm addımdır. Forum regionda şəhərlərarası əməkdaşlıq üçün yaradılmış ilk xüsusi platformadır və ümumi urban problemlərə praktiki həllərin tapılmasını hədəfləyir".