Bəxtiyar Hacıyev: "Çindən alınan lokomotivlər yük daşımalarında istifadə olunacaq"

İnfrastruktur
  • 18 sentyabr, 2026
  • 10:24
Bəxtiyar Hacıyev: Çindən alınan lokomotivlər yük daşımalarında istifadə olunacaq

Azərbaycanın Çindən aldığı yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çinin "CRRC Ziyang Co., Ltd" şirkəti tərəfindən istehsal edilmiş AC50 tipli 7 ədəd müasir yük lokomotivi qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir: "Bu lokomotivlər ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir. Magistral teplovozlar müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib. Texniki xidmət dövriliyinin 90 gün müəyyən edilməsi lokomotivlərin daha etibarlı və fasiləsiz istismarına, həmçinin teplovozun əsas çəninin tutumunun 2 min litr sıxılmış hava təşkil etməsi və 2 kompressordan ibarət olması daha uzun tərkibli qatarların daşınmasına da imkan yaradır".

O qeyd edib ki, eyni zamanda, iki lokomotivin ard-arda qoşularaq bir lokomotiv briqadası tərəfindən idarə olunması dəmir yolu ilə daha çox yükün daşınmasına, ağır tonnajlı yük qatarlarının idarə olunması zamanı əməliyyat səmərəliliyinin artırılmasına və lokomotivlərdən daha effektiv istifadəyə şərait yaradır: "AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivlərdən xüsusi emissiya tələbləri olan ərazilərdə sərbəst istifadə imkanı verir. Yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq. "Azərbaycan Dəmir Yolları" lokomotiv parkının yenilənməsi, yük, həmçinin sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi istiqamətində işləri davam etdirəcək. Növbəti mərhələdə 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparılır".

B.Hacıyev qeyd edib ki, qlobal miqyasda bu gün xüsusilə Orta Dəhliz üzrə yükdaşımalara tələbat artır: "Biz bunun nəticəsində görürük ki, xüsusilə Çindən Azərbaycan istiqamətində göndərilən blok qatarların sayı artır və bu da artıq Azərbaycan dəmir yollarını müasir çağırışlara uyğun olaraq lokomotiv parkını zənginləşdirməyə, genişləndirməyə və yeniləməyə sövq edir".

44 - Tezliklə