Belçika səfiri: "Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış saziş Orta Dəhlizin potensialını gücləndirəcək"

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 11:26
Belçika səfiri: Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış saziş Orta Dəhlizin potensialını gücləndirəcək

Avropanı Mərkəzi Asiya ilə birləşdirən və digər ölkələrə uzanan Orta Dəhlizin strateji əhəmiyyəti sürətlə artır.

"Report" xəbər verir ki,  bunu Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon (Jyulen de Frepon) Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" adlı konfransda bildirib.

"Orta Dəhliz ənənəvi marşrutların son dərəcə vacib alternativinə çevrilib. Ötən il bu dəhlizlə yük daşımalarının həcmi 60 %-dən çox artıb, konteyner daşımalarının isə 2030-cu ilə qədər üç dəfə artacağı proqnozlaşdırılır. Bu yaxınlarda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış və bizim də alqışladığımız saziş bu potensialı yalnız gücləndirəcək", - səfir qeyd edib.

Onun sözlərinə görə, imkanlarla yanaşı çağırışlar da var: infrastrukturla bağlı darboğazlar, natamam hüquqi çərçivələr və daha geniş regionda geosiyasi qeyri-sabitlik regional tədarük zəncirlərinin dayanıqlılığını sınağa çəkməyə davam edir.

"Aİ bu çağırışları qəbul edib və Qara dəniz regionu üçün yeni strategiya ilə cavab verib. Bu strategiyanın əsas elementi Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən nəqliyyat, enerji və rəqəmsal dəhlizlərin yaradılmasına yönəlmiş əlaqələrin inkişaf gündəliyidir", - J. Frepon əlavə edib.

Diplomatın sözlərinə görə, söhbət təkcə infrastrukturdan getmir.

"Söhbət inklüziv tərəfdaşlıq və ağıllı investisiyalar vasitəsilə sabit, təhlükəsiz və firavan regionun yaradılmasından gedir. Avropa İttifaqının təsisçi ölkəsi və qlobal logistika mərkəzi olan Belçika bu layihələrə töhfə vermək üçün yaxşı mövqeyə malikdir. Bizim limanlarımız - Antverpen, Brugge, həmçinin Gent və Liege daxili limanları Avropanın ən böyük limanları arasında yer alır. Belçika şirkətləri və ekspertləri multimodal daşımalar, rəqəmsal platformalar və "yaşıl logistika" sahəsində dünya təcrübəsinə malikdir. Mən regional iştirakçıları, yerli şirkətləri Belçika şirkətləri ilə tərəfdaşlıq imkanlarını araşdırmağa çağırıram, bu, həm onların texniki ekspertizası, həm də etibarlılığa, davamlılığa və uzunmüddətli əməkdaşlığa sadiqliymiz üçün lazımdır. Biz inanırıq ki, belə strateji tərəfdaşlıqlar vasitəsilə bu region qlobal mərkəzə və dünya ticarətinin təməl daşına çevrilə bilər", - səfir vurğulayıb.