BCG: "Orta Dəhliz üzrə tranzit 3-4 dəfə artacaq"
- 07 noyabr, 2025
- 17:40
Cari onillikdə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) üzrə tranzit həcminin 3-4 dəfə artacağı gözlənilir.
"Report" "Boston Consulting Group"un (BCG) hesabatına istinadən bildirir ki, buna dünya ticarət siyasətində baş verən qlobal dəyişikliklər, eləcə də Süveyş kanalı və Rusiya ərazisindən tranzitlə bağlı risklərin artması təsir göstərir ki, bu da əsas ticarət axınlarının yenidən bölgüsünə səbəb olur.
"Bu baxımdan Xəzər-Qara dəniz istiqamətindəki Orta Dəhliz yeni strateji əhəmiyyət qazanır. 2021-2023-cü illərdə aşağı bazadan artım qeydə alındıqdan sonra cari onillikdə tranzit həcminin 3-4 dəfə artacağı proqnozlaşdırılır. Orta Dəhlizin Xəzər sahillərindən Gürcüstan və Türkiyəyə qədər əsas həlqəsi olan Azərbaycan: həm tranzit axınlarının artması, həm də dünya ticarətinin yeni marşrutları ətrafında formalaşan istehsalat zəncirlərində iştirak hesabına bu dinamikadan əhəmiyyətli dərəcədə faydalana bilər", - hesabatda qeyd olunur.
"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Orta Dəhliz marşrutu ilə daşınan yüklərin həcmi 6 % artaraq 2,651 milyon ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Transxəzər marşrutu ilə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu həcmin 5,2 milyon tona çatacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonunu quru yüklər (96 min TEU), 1,7 milyon tonunu isə neft təşkil edəcək.
2027-ci ilə qədər Orta Dəhlizin ötürmə qabiliyyəti ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktura yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.