Barbara Janusz-Pauletta: "Transsərhəd suların idarə olunması şəhərlərin gələcəyi üçün həyati əhəmiyyət daşıyır"
- 18 may, 2026
- 16:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Transsərhəd suların idarə olunması şəhərlərin gələcəyi üçün həyati əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu Özbəkistan üzrə Beynəlxalq Su İdarəetmə İnstitutunun nümayəndəsi və Mərkəzi Asiya üzrə Regional Nümayəndəlik Ofisinin rəhbəri Barbara Janusz-Pauletta Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) çərçivəsində "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin sürətləndirilməsi üçün Dayanıqlı Mənzil Maliyyələşdirilməsinin Regional Perspektivləri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, aparılan qiymətləndirmələrə əsasən, yaxşı vəziyyətdə olan transsərhəd su ehtiyatlarının payı cəmi 22 %-dir: "Halbuki bu göstərici üzrə qlobal orta səviyyə 59 %, ideal səviyyə isə 100 % hesab olunur. Bir çox ölkədə su ehtiyatlarının qorunması və idarə olunması istiqamətində ciddi işlər görülməsinin vacibliyini göstərir. Əks halda şəhərlər üçün kifayət qədər su olmayacaq. Su hər sahədə istifadə olunur. Şəhərlər, "yaşıl enerji", biomüxtəliflik və daşqınlardan qorunma – bütün bunlar su ilə bağlıdır".
Ekspert qeyd edib ki, xüsusilə transsərhəd çay hövzələrinin idarə olunması regional əməkdaşlıq tələb edir.
O nümunə kimi Qafqaz regionunda Kür çayı hövzəsini göstərib: "Su insan hüququ hesab olunur və içməli su ilə sanitariya xidmətlərinə çıxış beynəlxalq razılaşmalarla tənzimlənir. Bununla belə, bir çox ölkələr hələ də bu beynəlxalq sazişlərə qoşulmayıb. Hər bir ölkə öz resursları üzərində suveren hüquqa malik olsa da, eyni zamanda qonşu dövlətlərlə əməkdaşlıq etməli və su ehtiyatlarından qonşulara zərər vermədən istifadə etməlidir. Ölkələr arasında məlumat mübadiləsi transsərhəd suların effektiv idarə olunması üçün əsas şərtlərdən biridir. İdarə edə bilmədiyiniz şeyi qoruya bilməzsiniz. Buna görə də məlumat mübadiləsi ilk öhdəlikdir".