Bankovska: Ukrayna "Rebuild Green 2030" proqramının yeni mərhələsini təqdim edəcək
- 21 may, 2026
- 14:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Qdanskdakı konfransda "Rebuild Green 2030" proqramının yeni mərhələsini təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə "International Real Estate Federation - Ukraine" prezidenti Alissa Bankovska Bakıda (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, proqramın yeni mərhələsi "Recovery Framework" konsepsiyasının qlobal səviyyədə yayılması və onun praktiki reallaşdırılması üçün unikal imkan təqdim edəcək.
Bankovska qeyd edib ki, növbəti iki il ərzində proqram bələdiyyələr və beynəlxalq tərəfdaşlarla birlikdə transformativ bərpa prinsiplərinin real proseslərə və pilot layihələrə tətbiq edilməsinə yönəldiləcək.
O vurğulayıb ki, söhbət icmaların iştirakı ilə bərpa, dayanıqlı və əlçatan mənzil, sirkulyar və biomaterial inşaat, ərazi regenerasiyası, yerli iqtisadiyyatların dayanıqlılığı və dövlət-özəl tərəfdaşlığı sahələrində praktiki işdən gedir.
"Recovery Framework konsepsiyası bizə ümumi istiqamət verir, növbəti addım isə prinsipləri ölçülə bilən nəticələrə çevirməyə qadir olan icra ekosistemlərinin yaradılması olmalıdır", - o bildirib.
Bankovska həmçinin bələdiyyələri, peşəkar icmaları, investorları, developerləri, beynəlxalq təşkilatları və inkişaf üzrə tərəfdaşları transformativ bərpa prosesinə qoşulmağa dəvət edib.
"Transformativ bərpa yalnız sektorlar, disiplinlər və ölkələr arasında əməkdaşlıq vasitəsilə mümkündür", - o vurğulayıb.