Banjul meri: İqlim böhranı qadınlara qeyri-mütənasib şəkildə təsir göstərir
- 19 may, 2026
- 14:12
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim dəyişikliyi ən çox qadınlara təsir göstərir, çünki daşqınların, quraqlıqların və adi yaşayış şəraitinin pozulmasının nəticələri ilə ilk olaraq məhz onlar üzləşirlər.
"Report"un məlumatına görə, bunu Banjul (Qambiya) meri Rohi Malik Lou (Rohey Malik Lowe) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" adlı panel sessiyasında bəyan edib.
Qambiya paytaxtının meri vurğulayıb ki, iqlim böhranı xüsusilə həssas şəhər icmalarında qadınlara və gənclərə qeyri-mütənasib dərəcədə güclü təsir göstərir.
"Daşqın, quraqlıq zamanı əziyyət çəkən bizik. Buna görə də iqlim problemləri qadınların problemləridir", - R.Malik Lou bəyan edib.
Onun sözlərinə görə, qadınlar tez-tez iqlim problemlərinin ön cəbhəsində olurlar, çünki ailəni su, ərzaq və təhlükəsiz yaşayış şəraiti ilə təmin etmək üçün əsas yük məhz onların payına düşür.
Mer vurğulayıb ki, iqlim gündəliyi yalnız ekoloji məsələ kimi nəzərdən keçirilməməlidir, çünki söhbət həm də sosial ədalət, həssas əhali qruplarının müdafiəsi və şəhərlərin dayanıqlığından gedir.
R.Lou qeyd edib ki, Atlantik okeanının sahilində yerləşən Banjul artıq bu gün iqlim dəyişikliyinin ciddi nəticələri ilə üzləşir. Onun sözlərinə görə, dəniz səviyyəsinin yüksəlməsi və tez-tez baş verən daşqınlar xüsusilə aztəminatlı sakinlərə ağır təsir göstərir, şəhərin ən həssas rayonlarında yaşayış binalarını və infrastrukturu dağıdır.
Mer həmçinin qadınların iqlim siyasəti və şəhər planlaşdırılması sahəsində qərar qəbuletmə proseslərinə daha fəal şəkildə cəlb edilməsinə çağırıb. O qeyd edib ki, qadınların iştirakı olmadan səmərəli və dayanıqlı həllər hazırlamaq mümkün deyil.