Bakıda satmaq öhdəliyi ilə kirayə vermək üçün İKZF 520-ə kimi mənzil alır
- 22 oktyabr, 2024
- 09:07
Yeniliklərdən dərhal xəbərdar olun!
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 520-yə kimi mənzil satın alır.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu, Fondun elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Tender şərtlərinə əsasən 40 min kvadratmetr yaşayış sahəsinin satın alınmasının ehtimal olunan dəyəri 157 milyon manat təşkil edir.
Təchizatçılar təklifləri təqdim etmək üçün 25 manat istifadə haqqı və 10 000 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər dekabrın 5-i saat 10:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə) həyata keçiriləcəkdir.
Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.
Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələri mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılması barədə reyestrdən çıxarış əsasında təqdim edilməlidir.
Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 520 ədəd olmaqla, 1, 2, 3 və/ və ya 4 otaqlı olmalıdır.
Qalib təchizatçı ilə satınalma müqaviləsi bağlandıqda nisyə alqı-satqı müqavilələri bağlanmamışdan əvvəl, təchizatçı təqdim edəcəyi hər bir mənzilin bazar qiymətinin müəyyən edilməsi üçün mənzilin satınalan təşkilatın müvəkkil təşkilatlarının siyahısına daxil olan müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsinin həyata keçirilməsini təmin etməli və qiymətləndirmənin nəticələri haqqında tərtib edilən hesabatı satınalan təşkilata təqdim etməlidir.
Mənzillərin dəyəri hissəvi qaydada ödəniləcəkdir. Mənzillər üzrə nisyə alqı-satqı müqaviləsi bağlandıqda ödənişin 1-ci hissəsi olan mənzillərin dəyərinin 30 %-i ödəniş edilir. Mənzilin təmir vəziyyəti satınalan təşkilatın təmirə dair tələblərinə uyğunlaşdırılmaqla təqdim edildikdə ödənişin 2-ci hissəsi olan qalıq məbləğ ödənilir.
Yaşayış sahələrinin nisyə alqı-satqı müqaviləsi bağlanarkən vergi, dövlət rüsumu, notarial və digər xərclər, o cümlədən daşınmaz əmlakın icbari sığortası ilə bağlı xərclər qalib təchizatçı tərəfindən ödənilir.