Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
- 01 oktyabr, 2026
- 21:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir.
Bu barədə "Report"a ADY-dən məlumat verilib.
"Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və "ADY Mobile" tətbiqində şəxsi kabinetlərini mygov ID vasitəsilə verifikasiya etməlidirlər", - məlumatda bildirilib və əlavə edilib ki, FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq.
Bilet almaq üçün verifikasiyanın tamamlanması mütləqdir:
"Xarici ölkə vətəndaşları isə verifikasiya üçün vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə təsdiqləməlidirlər.
"ADY Mobile"da verifikasiyadan keçmək üçün saat 00:00-dan sonra tətbiqi yeniləməyi unutmayın".