Bakı Limanında 8 ayda 85 min TEU-dan çox konteyner aşırılıb

İnfrastruktur
  • 09 sentyabr, 2026
  • 11:43
Bakı Limanında 8 ayda 85 min TEU-dan çox konteyner aşırılıb

Bu ilin yanvar-avqust aylarında Bakı Beynəlxalq Dəniz Limanında 85 min TEU-dan çox konteyner aşırılıb.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22 % çoxdur.

"Eyni zamanda quru yük aşırılmasında da kifayət qədər ciddi nailiyyətlər əldə olunub. Cari ilin 8 ayında 1,6 milyon ton quru yük aşırılıb ki, bu da illik müqayisədə 80 % artım deməkdir. Bütün istiqamətlərdə inkişaf müşahidə olunur, o cümlədən limanın texniki potensialının, yük aşırma avadanlığının imkanlarının artırılması, əməliyyat səmərəliliyi, beynəlxalq əlaqələrin inkişafı, o cümlədən Orta Dəhlizə yeni yüklərin cəlb olunması istiqamətində fəaliyyətimiz uğurla davam edir", - deyə baş direktor əlavə edib.