NYT: ABŞ Venesuela neftinin satışından 12 milyard dollardan çox gəlir əldə edib

Digər ölkələr
  • 11 noyabr, 2026
  • 01:24
NYT: ABŞ Venesuela neftinin satışından 12 milyard dollardan çox gəlir əldə edib

ABŞ 2026-cı ilin yanvarından sentyabrınadək olan dövrdə Venesuela neftinin və digər təbii sərvətlərinin ixracından 12,26 milyard dollar əldə edib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti beynəlxalq audit şirkəti olan KPMG-nin hesabatına istinadən məlumat yayıb.

Sənədə əsasən, vəsaitlər ABŞ Maliyyə Nazirliyi tərəfindən Venesuela resurslarından əldə olunan gəlirlərin idarə edilməsi üçün yaradılmış xüsusi hesaba daxil olub. Başlanğıcda o, Qətərdə yerləşirdi, lakin yanvarın sonunda Nyu-Yorkdakı "Citibank"a köçürülüb.

Qeyd olunub ki, ümumi məbləğin təxminən 11,7 milyard dolları sonradan milli valyutanın məzənnəsini dəstəkləmək məqsədilə Venesuelaya qaytarılıb. Təqribən 130 milyon dollar isə ölkənin xarici borcuna xidmət göstərilməsinə yönəldilib.

Bununla yanaşı, sentyabrın sonuna qədər hesaba daxil olan bütün vəsaitlərin təxminən 61%-ni Venesuela xammalının satışı üzrə eksklüziv hüquqlar əldə etmiş "Trafigura" və "Vitol" beynəlxalq treyderləri təmin edib.

Xatırladaq ki, 2026-cı ilin avqustunda ABŞ Prezidenti Donald Tramp Venesuela ilə ölkənin neft yataqlarının işlənməsi üzrə əhəmiyyətli hüquqların Amerika tərəfinə verilməsini nəzərdə tutan razılaşmanı elan edib. Razılaşmalar çərçivəsində, həmçinin Amerika strukturlarının neft aktivlərinin idarə olunmasında və hasil edilən xammalın bir hissəsinin satın alınmasında iştirakı da nəzərdə tutulub.

Cari ilin 10 noyabr tarixində Amerikanın "ExxonMobil" neft şirkəti Venesuelada qazma və investisiya imkanlarını öyrənmək məqsədilə anlaşma memorandumu imzalayıb.