"Bakı Gəmiqayırma Zavodu" MMC və "KTZ Express Shipping" arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə Müqavilə imzalanıb

İnfrastruktur
  • 04 may, 2026
  • 10:27
Bakı Gəmiqayırma Zavodu MMC və KTZ Express Shipping arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə Müqavilə imzalanıb

AZCON Holding şirkətlərindən olan "Bakı Gəmiqayırma Zavodu" MMC ilə Qazaxıstanın "Samruk-Kazına" ASC-nin tərkibinə daxil olan "KTZ Express Shipping" şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

"Report" xəbər verir ki, sənədə əsasən müasir beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisinin inşası nəzərdə tutulur.

AZCON Holding-in icraçı direktoru Şahin Babayev qeyd edib: "AZCON Holding olaraq beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərimizdən biri hesab edirik. Bu layihə həm texnoloji imkanlarımızın nümayişi, həm də ölkəmizin gəmiqayırma sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Əminik ki, bu əməkdaşlıq yeni uğurlu layihələr üçün də möhkəm zəmin yaradacaq".

"Samruk-Kazına" ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov bildirib: "Dəniz infrastrukturunun inkişafı Qazaxıstanın tranzit potensialının açılması istiqamətində aparılan sistemli işin məntiqi davamıdır. "Qazaxıstan Temir Yolu" SC-nin şəxsi donanmasının formalaşdırılması Transxəzər marşrutunun dayanıqlığını gücləndirir və yükdaşıma bazasının artırılması və beynəlxalq tərəfdaşların cəlb edilməsi üçün əlavə imkanlar yaradır".

Bu əməkdaşlıq Orta dəhliz üzrə yük axınının artdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Beynəlxalq sifarişlərin çoxalması fonunda layihə yerli gəmiqayırma sənayesinin inkişafını sürətləndirməklə yanaşı, Zavodun istehsal gücünün artırılmasına və rəqabət qabiliyyətinin möhkəmlənməsinə də xidmət edəcək.

Beləliklə, beynəlxalq sifarişlər üzrə tikilən gəmilərin sayı artıq 4-ə çataraq Zavodun beynəlxalq bazarda artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin bariz göstəricisinə çevrilib.

44 filmi