Bakı-Böyük Kəsik dəmir yolu boyunca Gəncəyə qədər yarımstansiyalar tam hazırdır
- 26 avqust, 2015
- 10:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 avqust. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində Bakıdan Gəncə şəhərinə qədər olan yarımstansiyalar artıq qurulub. Layihə üzrə siqnalizasiya sistemi yenilənib və hazırda elektrik təchizatında dəyişikliklər edilir. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bu dəhlizdə qatarların hərəkətinə nəzarət etmək üçün Bakıda xüsusi dispetçer məntəqəsi yaradılacaq: "Qatarlar oradakı mikroprosessor əsasında idarə olunacaq. Bu, maşinistlə danışmağa, nasazlıq baş verdiyi təqdirdə məlumat ötürməyə imkan verir".
Qeyd edək ki, Dünya Bankı ilə həyata keçirilən layihə çərçivəsində “Bombardier-TransSignalRabitə" podratçı şirkəti bu istiqamətdə indiyə kimi 1, 2 və 3-cü hissələr üzrə işçi layihələr hazırlayıb. Birinci hissədə Böyük Kəsik-Gəncə sahəsində işlər başlayıb. Böyük Kəsik-Ağstafa hissəsində 13 stansiyadan 5-də işlərin 80%-ə qədəri görülüb. İlk hissənin kabel işlərinin əsas hissəsi həyata keçirilib.