Azərbaycanın 12-ci Ümumdünya Şəhərsalma Forumunda iştirakı müzakirə edilib

İnfrastruktur
  • 16 fevral, 2023
  • 13:03
Azərbaycanın 12-ci Ümumdünya Şəhərsalma Forumunda iştirakı müzakirə edilib

Azərbaycan gələn il Misirin paytaxtı Qahirədə keçiriləcək 12-ci Ümumdünya Şəhərsalma Forumunda iştirak edə bilər.

“Report” Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bu məsələ qurumun sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Misirə səfəri çərçivəsində müzakirə olunub.

Səfər çərçivəsində Misirin şəhərsalma siyasəti və onun icrası təcrübəsi, ikitərəfli əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə edilib.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti Misirin beş milyon nəfərdən artıq əhalisi olacaq “Yeni paytaxt” layihəsinin birinci mərhələsinin reallaşdırıldığı ərazini ziyarət edib, “hökumət şəhərciyi”, yaşayış məhəllələri və digər təyinatlı tikinti layihələri ilə yerində tanış olub. Anar Quliyev Misirin bu və bir çox digər yeni şəhər layihələrini həyata keçirən Mənzil, Mühəndis-Kommunikasiya Sistemləri və Şəhər İcmaları Nazirliyinin “Yeni paytaxt” ərazisində tikilmiş yeni inzibati binasında nazir Assem Elgazzar ilə geniş tərkibli görüş keçirib. Görüş zamanı qarşı tərəfə Prezident İlham Əliyevin rəhbərliyi altında şəhərsalma sahəsində aparılan davamlı islahatlar, bu sahədə dövlət siyasəti və ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib, ərazi planlaşdırılmasında institusional idarəetmə üzrə təcrübə mübadiləsi, ikitərəfli və regional formatlarda əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində həmçinin nümayəndə heyətimizin üzvləri sözügedən Nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə cavabdeh rəsmiləri ilə bir sıra görüşlər keçirib.