Azərbaycanda göllərin su səviyyəsində azalma müşahidə olunur
- 12 sentyabr, 2025
- 13:38

Azərbaycanda 57 göldə aparılan monitorinq nəticəsində bəzi göllərdə suyun səviyyəsinin azalması müəyyən edilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, bu proses iqlim dəyişikliyinin və su ehtiyatlarının idarə olunmasının əhəmiyyətini bir daha göstərir:
"Göllərin səviyyəsi dron və digər müasir cihazlarla qiymətləndirilir və məlumatlar elektron bazada qeyd olunur. Bu proses göllərin ekoloji vəziyyətinin izlənməsi və su ehtiyatlarının səmərəli istifadəsi üçün vacibdir".
R. Verdiyev əlavə edib ki, bəzi göllərdə suyun səviyyəsi azaldığı üçün, onların idarə olunması və qorunması istiqamətində əlavə tədbirlər görülür:
"Monitorinq zamanı toplanan məlumatlar həm su ehtiyatlarının planlaşdırılmasında, həm də suya qənaət texnologiyalarının tətbiqində əsas rol oynayır".
O vurğulayıb ki, göllərin səviyyəsi və həcminin izlənməsi ölkənin bütün çay və su hövzələrinin idarə olunması ilə sıx bağlıdır və ekosistemin balansının qorunması üçün vacibdir.