Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 27 %-ə yaxın artıb
- 14 iyun, 2024
- 07:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında dəniz nəqliyyatı ilə 10,9 min sərnişin daşınıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 26,7 % artıb.
Həmçinin dəniz nəqliyyatı ilə bu ilin beş ayında daşınmış yüklərin həcmi 3 milyon 337,9 min ton olub və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 % azalıb. Yüklərin 50 %-ni neft yükləri təşkil edib.
Qeyd edək ki, Bakı təkcə respublikada yox, həm də Xəzər dənizində ən böyük limandır. Buna görə də bütün yüklər və sərnişinlər əsasən buradan daşınır. Bakı-Türkmənbaşı, Bakı-Bekdaş və Bakı-Aktau gəmi-bərələri yük və sərnişin daşıyır. Bakı-Türkmənbaşı gəmi-bərə xətti 1962-ci ildən işləyir.
Azərbaycanın Xəzərsahili ölkələrlə əlaqələr saxlamasında Bakı-Mahaçqala, Bakı-Həştərxan, Bakı-Ənzəli, Bakı-Aktau və Bakı-Atırаu dəniz yolu xətlərinin əhəmiyyəti böyükdür. Onlar vasitəsilə neft, neft məhsulları, ərzaq, taxta-şalban daşınır.