Azərbaycanda alternativ su mənbələrindən yay aylarında istifadə ediləcək
- 05 iyun, 2018
- 14:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 iyun. REPORT.AZ/ "Azərbaycanda, əsasən, yay aylarında alternativ su mənbələrindən istifadə edilməsi planlaşdırılır".
"Report" xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib.
Onun sözlərinə görə, artıq Gədəbəy və Lerikdə alternativ su mənbələrinin yaradılması üzrə işlər tamamlanmaq üzrədir: "Şamaxıda bu işlər davam etdirilir. Böhran vaxtına işləri tamamlaya biləcəyik. Bu ilin sonuna layihənin başa çatdırılması gözlənilir. Tovuzda isə layihə başa çatmasa da, böhran dövründə köhnə xətti istifadəyə verməklə su qıtlığının qarşısını alacağıq".
Q.Hüseynov bildirib ki, dünyada gedən qlobal istiləşmə şəraitində Azərbaycanın bəzi yerlərində su qıtlığı müşahidə edilir: "Hesablanmış mənbələrin dayanıqlılığı, təqribən, 30-cu ilə qədər kifayət edib. Lakin aparılan araşdırmalar göstərdi ki, Gədəbəydə, Lerikdə, Tovuzda, eyni zamanda Şamaxıda su mənbələrinin kəskin azalması müşahidə edilib. Prezident İlham Əliyevin tapşırığı ilə həmin şəhərlərdə alternativ su mənbələrinin yaradılması ilə bağlı vəsait ayrılıb. Yəni yay aylarında şəhərə əlavə su vermək üçün alternativ mənbə inşa edilir".