Azərbaycan ÜGT-nin Ticarətin Asanlaşdırılması Sazişinin tətbiq edilməsinin sürətləndirilməsinə dair subregional forumda iştirak edib

İnfrastruktur
  • 02 noyabr, 2018
  • 13:40
Azərbaycan ÜGT-nin Ticarətin Asanlaşdırılması Sazişinin tətbiq edilməsinin sürətləndirilməsinə dair subregional forumda iştirak edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Tailandın paytaxtı Banqkokda "CAREC ölkələrində Ümumdünya Ticarət Təşkilatının Ticarətin Asanlaşdırılması Sazişinin tətbiq edilməsi üzrə yol xəritəsi" mövzusunda seminar və Ümumdünya Ticarət Təşkilatının Ticarətin Asanlaşdırılması Sazişinin tətbiq edilməsinin sürətləndirilməsinə dair subregional forum keçirilib.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, hər iki tədbir Asiya İnkişaf Bankı, CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) Proqramı və CAREC İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Seminar və forumda Azərbaycanın nümayəndə heyəti tərkibində DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov da iştirak edib.

Bu tədbirlərə Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Çin, Pakistan və Tacikistan təmsilçiləri, eləcə də aidiyyəti regional və beynəlxalq qurumların nümayəndələri qatılıb.

Oktyabrın 29-da baş tutmuş seminarın məqsədi CAREC ölkələri tərəfindən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi üzrə görülən işlər, qarşıya çıxan məhdudiyyət və çətinliklər, o cümlədən milli strateji yol xəritələrinin inkişafı üçün zəruri olan beynəlxalq təcrübə və məlumatların nəzərdən keçirilməsi olub.

Toplantıda CAREC ölkələri üçün yol xəritələrinin tətbiqi barədə ortaq təkliflərin verilməsinin vacibliyi qeyd edilib, ÜTT Ticarətin Asanlaşdırılması Sazişinin tətbiqi məqsədilə milli strateji yol xəritələrinin hazırlanması və Ticarətin Asanlaşdırılması Sazişi üzrə Milli Komitələrinin mövcudluğunun vacibliyi barədə müzakirələr aparılıb və bu xəritələrin hazırlanmasında beynəlxalq təcrübənin mühüm rolu olduğu vurğulanıb.

Sonra CAREC-ə daxil olan ÜTT üzv ölkələri (Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Çin, Pakistan, Tacikistan), eləcə də ÜTT-də müşahidəçi kimi iştirak edən ölkələr (Azərbaycan, Türkmənistan, Özbəkistan) üzrə Ticarətin Asanlaşdırılması Sazişinin tətbiqinə dair hesabat təqdim edilib, sözügedən Sazişin effektiv tətbiqi işində məhdudiyyət və çətinliklərlə bağlı məsələlərin həll edilməsi üçün görülən tədbirlər və digər məsələlər nəzərdən keçirilərək, ölkələrin buna müvafiq məruzələri dinlənilib.

Seminarda ölkələrin məruzələri dinlənərkən DGK-nın nümayəndəsi tərəfindən Komitədə həyata keçirilən islahatlar barədə məlumatlar verilib və bildirilib ki, yeni idarəçilik sistemi ilə ticarətin asanlaşdırılması, mal və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli buraxılışının təmin edilməsi, məmur-vətəndaş prinsipinin minimuma endirilməsi və ümumilikdə, xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin yaradılması əsas prioritet hədəflər kimi qoyulub və bu istiqamətdə davamlı zəruri işlər görülməkdədir.

Daha sonra keçirilən subregional forumun məqsədi isə Asiya və Sakit Okean regionu nümayəndələri arasında ÜTT Ticarətin Asanlaşdırılması Sazişininimplementasiyasınadair təcrübə və fikir mübadiləsinin aparılması, sözügedən Sazişin müddəalarının Asiya İnkişaf Bankı üzv dövlətləri tərəfindən tətbiqinin genişləndirilməsi məsələlərinin müzakirə edilməsi olub.

Forumun açılış mərasimində Asiya İnkişaf Bankı, Ümumdünya Ticarət Təşkilatı və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri iştirak edib və nitq söyləyiblər. Tədbirdə əsas diqqət Asiya və Sakit Okean regionunda Ticarətin Asanlaşdırılması Sazişinin tətbiqi zamanı yaranan çətinliklərə, o cümlədən ticarətin sadələşdirilməsi yollarının araşdırılması və ticarət dövriyyəsinin artırılmasına dair məsələlərin müzakirəsinə yönəldilib.

Malların buraxılışı və rəsmiləşdirilməsilə bağlı təqdimatlar zamanı Hindistan, Qazaxıstan, Myanmar və Latın Amerikası ölkələrinin nümayəndələri ticarətin asanlaşdırılması sahəsində səlahiyyətli iqtisadi operator institutunun vacibliyini vurğulayıb, vaxt və xərclərin azaldılmasında və malların maneəsiz hərəkətinin təmin olunmasında bu vasitənin mühüm rol oynadığını diqqətə çatdırıblar.

Sonra ÜTT üzv ölkələri tərəfindən regional və azad ticarət sazişləri, buraxılış vaxtının ölçülməsi, birgə gömrük nəzarətinin tətbiqi, inteqrəedilmiş xidmətlərin və tranzit sistemlərinin inkişaf etdirilməsi mövzularında müzakirələr aparılıb.

Gürcüstan nümayəndəsi öz məruzəsi zamanı tranzitin vacibliyinə toxunaraq, Gürcüstanın 2019-2020-ci illər ərzində Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmasının gözlənildiyi barədə məlumat verərək, Azərbaycan tərəfinin də artıq bu istiqamətdə işlərə başlamasının tranzit dəhlizinin bütövlüyünün təmin edilməsinə əlverişli şərait yaradacağını qeyd edib.

DGK-nın nümayəndəsi tərəfindən Gürcüstan tərəfinin məruzəsinə əlavə olaraq qeyd edilib ki, tranzit sisteminin inkişafı və beynəlxalq tranzit dəhlizlərinin rəqabət qabilliyətliliyinin artırılması əsas təməl hədəflərdən biridir.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü əsasında 2017-ci ilin dekabr ayında Norveçin Oslo şəhərində keçirilmiş Avropa İttifaqı – Avropa Azad Ticarət Assosiasiyasının Birgə Komitəsinin iclası zamanı Azərbaycan Respublikasına "Ümumi Tranzit Proseduru haqqında Konvensiya" və "Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiya"larının işçi qruplarında qeyri-formal müşahidəçi statusu verilməsi barədə qərar qəbul olunub və hal-hazırda qeyd olunan konvensiyalara tam qoşulma və NCTS sisteminin tətbiqi üzrə işlər sürətlə davam etdirilir.

Qeyd olunub ki, Asiyadan Avropaya və əksinə daşınan yüklərin nəqlinin daha da asanlaşdırılması və tranzit potensialının inkişafının gücləndirilməsi məqsədilə Asiya ölkələrinində NCTS sisteminə qoşulması zəncirboyu səmərəliliyin və təhlükəsizliyin artırılmasında mühüm rol oynaya bilər.

DGK nümayəndəsi tərəfindən əlavə olaraq qeyd edilib ki, Dövlət Gömrük Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) arasında əməkdaşlıq çərçivəsində BYD daşımaları zamanı ölkə ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların öncədən elektron qaydada gömrük orqanları ilə mübadiləsini nəzərdə tutan TIR-EPD sisteminin tətbiqi istiqamətində IRU-nin təşəbbüsü ilə tam eletronlaşdırılmış BYD prosedurlarının tətbiqini nəzərdə tutan Qazaxıstan-Azərbaycan- Gürcüstan-Ukrayna marşrutu üzrə eTIR pilot layihəsinin həyata keçirilməsinə dair razılıq əldə olunub.

Eyni zamanda bu pilot layihəyə daxil olan ölkələr arasında həm Azərbaycan-Qazaxıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Ukrayna, həm də Azərbaycan-Türkiyə arasında ikitərəfli qaydada elektron ilkin məlumat mübadiləsinin təmin edilməsinin malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən surətli keçidinin təmin olunmasına mühüm töhfə verdiyi iştirakçıların nəzərinə çatıdırılıb.

Öz növbəsində, DGK nümayəndəsi ticarətin asanlaşdırılması istiqamətində əsas üsullardan biri hesab edilən "bir pəncərə" prinsipinin tətbiqi prosesinə dair təqdimat keçirib. "Bir pəncərə" prinsipinin tətbiqinin resursların səmərəli və rasional formada bölgüsü və istifadəsinə, nəzarət növlərinin əlaqələndirmə səviyyəsinin yüksəldilməsinə və qurumlararası əməkdaşlığın gücləndirilməsinə, eləcə də sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə və gömrük nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaratmaqla, malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsində əvəzsiz rol oynadığı diqqətə çatdırılıb.