Azərbaycan, Türkiyə və Qazaxıstan Xəzərlə yükdaşımalarıa dair sənəd imzalaya bilər

İnfrastruktur
  • 03 iyun, 2026
  • 13:05
Azərbaycan, Türkiyə və Qazaxıstan Xəzərlə yükdaşımalarıa dair sənəd imzalaya bilər

Azərbaycan, Türkiyə və Qazaxıstan Xəzər dənizi vasitəsilə yükdaşımalarıa dair sənəd imzalaya bilər.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının (UND) baş icraçı direktoru Alper Özel jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz layihəsi çərçivəsində Xəzər dənizində gəmi potensialının artırılması çox önəmlidir: "Xəzəri əslində "dəniz avtomobil yoluna" çevirməyə məcburuq. Əks təqdirdə yüklərin gözləməsi heç kimə fayda gətirməyəcək. Bu mövzuda Azərbaycanın səylərini çox yaxşı bilirik. Biz UND olaraq, "Albayraq Group", "Qazaxıstan Dəmir Yolları" və "AZCON Holding" ilə anlaşma memorandumu imzalamaq prosesindəyik. Bu sənəd imzalandıqdan sonra Xəzər dənizi ilə bağlı məsələləri müzakirə edəcəyik. Bizim üçün ən önəmli hissə Xəzər dənizidir. Buranın da baş aktoru Azərbaycandır. Avropa və Mərkəzi Asiyanı birləşdirəcək tək körpü Türkiyə və Azərbaycandır. Bunu şüurlu şəkildə həyata keçirsək türk dünyasına da böyük bir fayda gətirərik".