AYNA: Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib
- 26 avqust, 2024
- 05:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, "Bakı-Oğuz-Bakı" marşrutu üzrə hüquqi şəxs "Rüfət" MMC, "Bakı-Qəbələ-Bakı" marşrutu üzrə fiziki şəxs Qəribov Rövşən Hümbət oğlu,"Bakı-Beyləqan-Bakı" marşrutu üzrə fiziki şəxs Talıbov Mahir Tahir oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.