AYNA: 12 şəhərlərarası və şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşib
- 21 iyul, 2026
- 15:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 12 şəhərlərarası və şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib.
"Report" AYNA-ya istinadən xəbər verir ki, Abşeron rayonu Çaylı kəndini Müşfiqabad qəsəbəsi ilə əlaqələndirən 510 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Güzdək Nəqliyyat" MMC; Bakı–Qax marşrutu üzrə hüquqi şəxs "Kaspian Ekspress" MMC; Bakı–Nabran marşrutları üzrə hüquqi şəxs "Uğurlu yol" MMC; Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "Aliosman Ağasoy" MMC; Sumqayıt-Qəbələ marşrutu üzrə fiziki şəxs Abdurahmanov Şahin Elşad oğlu; Gəncə-Gədəbəy marşrutu üzrə fiziki şəxs İbrahimov Nizami Abbasəli oğlu; Şəki-Mingəçevir marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu; Mingəçevir-Gəncə marşrutu üzrə fiziki şəxs Qaffarov Murad Abbas oğlu;
Lənkəran-Astara, Astara-Lənkəran, Lənkəran-Masallı və Masallı-Lənkəran marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC qalib elan olunublar.
Məlumata əsasən, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur:
"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır".