Aydar Abildabekov: "Orta Dəhlizlə yükdaşımalar 22 % artıb" - EKSKLÜZİV
- 25 sentyabr, 2026
- 16:07
2026-cı ilin 8 ayı ərzində Orta Dəhlizlə yükdaşımaların həcmi 3 milyon tonu ötüb və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 % çoxdur.
Bu barədə "Report"a Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov bildirib.
"Hazırda Orta Dəhlizin buraxılış qabiliyyəti 6 milyon tona çatır. 2025-ci ilin yekunları üzrə 4 milyon tondan bir qədər çox yük daşınıb. Beləliklə, biz əhəmiyyətli güc ehtiyatına malikik", - o qeyd edib.
Nazir müavini bu istiqamətdə yük axınının strukturundakı dəyişikliyə diqqət çəkib. Xüsusilə 2025-ci ildə konteyner daşımaları 36 % artaraq 77 min tona çatıb. Cari ilin səkkiz ayı ərzində isə konteyner daşımaları əlavə 18 % artım nümayiş etdirib.
"Məqsədimiz konteynerlərin Gürcüstan və Türkiyə limanlarına 10-12 gün ərzində çatmasını təmin etməkdir. Belə olan halda dəhlizə həqiqətən tələbat yaranacaq və bu tranzitdən dövlətlərimiz birgə faydalanacaqlar", - A.Abildabekov vurğulayıb.
O, həmçinin biznes ictimaiyyətinə müraciət edərək marşrut boyunca yeni istehsal obyektlərinin yaradılmasına vəsait yatırmağa çağırıb.
"Bu, yeni iş yerləri, sənaye istehsalıdır. Nəticə etibarilə, bu dəhliz boyunca bütün iştirakçılar üçün ticarəti sürətləndirməyə imkan verəcək infrastruktur formalaşacaq", - o bildirib.
Nazir müavini deyib ki, Aktau limanında Çin şirkəti ilə tərəfdaşlıq çərçivəsində konteyner qovşağının yaradılmasının birinci mərhələsi başa çatıb. Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə dəniz dibinin dərinləşdirilməsi işləri aparılır.
O əlavə edib ki, paralel olaraq yanalma qurğularının modernləşdirilməsi həyata keçirilir, yükaşırma avadanlıqları alınır, Kurık limanının infrastrukturu yenilənir, taxıl terminalı inşa edilir, eləcə də konteynerlərin emalı imkanları genişləndirilir.