AXDG məcburi köçkün ailələrinə bayram sovqatı göndərib

İnfrastruktur
  • 21 avqust, 2018
  • 15:07
AXDG məcburi köçkün ailələrinə bayram sovqatı göndərib

Bakı. 21 avqust. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) nümayəndələri Qurban bayramı ərəfəsində Gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər. 

Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə, 3350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar. Bayram sovqatı düyü, şəkər tozu, çay, un, yağ və digər ərzaq məhsullarından ibarət olub.

Bayram sovqatını ünvanlara AXDG-nin Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşları çatdırıb.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər onlara göstərilən daimi diqqət və qayğıya görə ölkə başçısına və AXDG-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bayram arzularını dilə gətiriblər.

Qeyd edək ki, AXDG yaradıldığı dövrdən şəhid ailələrinə, ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də ailəsində şəhid olan işçilərə maddi yardım göstərilməsini, onların sosial təminatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.