Anar Quliyev BMT-də Azərbaycanın şəhərsalma prioritetlərini təqdim edib

İnfrastruktur
  • 17 iyul, 2026
  • 09:49
Anar Quliyev BMT-də Azərbaycanın şəhərsalma prioritetlərini təqdim edib

Azərbaycan BMT-də Yüksəksəviyyəli İclasda Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı ölkə hesabatını təqdim edib.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasının açılış sessiyasında çıxış etmək və Azərbaycanın milli bəyanatını təqdim etmək mənim üçün böyük şərəf idi. Milli bəyanatda şəhərsalma siyasətimizin beş əsas prioritetini - rahat və əlçatan yaşayış mühitinin yaradılması, müasir planlaşdırma, rəqəmsallaşma, iqlim dayanıqlılığı və gələcəyə hazır şəhərlərin formalaşdırılmasını diqqətə çatdırdım. Həmçinin vurğuladım ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası əlavə bir prinsip - "Daha Yaxşı Yenidənqurma" əsasında həyata keçirilir. Bu yanaşma bizim üçün təkcə infrastrukturun bərpası deyil, həm də uzunmüddətli sülhün və yüksək həyat keyfiyyətinin əsasının qoyulması deməkdir", - o vurğulayıb.

A.Quliyev qeyd edib ki, bu prioritetlər artıq konkret fəaliyyətə çevrilir: "Ölkə şəhərlərinin 86 %-indən çoxu üzrə yenilənmiş baş planlar hazırlanıb. Növbəti mühüm mərhələ isə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın Milli Şəhərsalma Siyasətinin hazırlanmasıdır".

Dövlət Komitəsinin yaydığı məlumatda deyilir ki, A.Quliyev bu ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal şəhərsalma gündəliyinin inkişafına yeni dinamika qazandırdığını və bugünkü yüksəksəviyyəli iclasa aparan mühüm mərhələ olduğunu vurğulayıb: "Kito şəhəri ilə başlanan yol bizə ortaq baxış qazandırdı. Bakı qlobal gündəliyə yeni siyasi impuls verdi. Nyu-York Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün birgə iradəmizi təsdiqlədiyimiz məkan olsun". Milli bəyanatda Yeni Şəhər Gündəliyi prinsiplərinin Azərbaycanda həyata keçirilməsi istiqamətində əldə olunan nəticələr təqdim edilib. Bildirilib ki, şəhərsalma siyasəti inteqrasiya olunmuş məkan planlaşdırılması, əlçatan mənzil təminatı, rəqəmsallaşma, iqlim dayanıqlılığı və insanmərkəzli yaşayış məkanlarının formalaşdırılmasını əsas prioritetlər kimi müəyyən edir. Sonda qeyd olunub ki, Azərbaycan Yeni Şəhər Gündəliyinin icrası istiqamətində milli səviyyədə fəaliyyətini davam etdirməklə yanaşı, şəhərlərin dayanıqlı inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə vermək əzmindədir.