Alman şirkəti: Azərbaycanda yüklərin rəsmiləşdirilməsi Türkiyədən daha sadə və sürətlidir
- 10 sentyabr, 2025
- 15:21

Azərbaycan Türkiyə ilə müqayisədə malların yükləmə keyfiyyəti, rəsmiləşdirmə baxımından, daha sadə, keyfiyyətli və sürətlidir.
"Report" xəbər verir ki, bunu Almaniyanın "CS Conti - Service Internationale Spedition GmbH" şirkətinin baş icraçı direktoru Aleksandr Şmidt Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" adlı konfransda bildirib.
Onun sözlərinə görə, son üç ildə Orta Dəhlizin fəaliyyəti istiqamətində çox böyük sıçrayışa nail olunub: "Orta Dəhliz Azərbaycan, Qazaxıstan və Gürcüstanın sayəsində işlək dəhlizə çevrilib. Biz əsasən dəmir yolundan istifadə edirik. Belə ki, hazırda yüklərin 80 %-nin daşınması zamanı dəmir yolu şəbəkəsindən istifadə edirik".
A. Şmidt qeyd edib ki, Almaniya şirkətinin istifadə etdiyi marşrutlardan biri Orta Dəhlizdir: "Bu istiqamətdə yüklərimiz Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstan vasitəsilə danışır. Bu məqamda qeyd etmək istərdim ki, hazırda Azərbaycan Türkiyə ilə müqayisədə malların yükləmə keyfiyyəti, rəsmiləşdirmə baxımından, daha sadə, keyfiyyətli və sürətlidir".
Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə vasitəsilə Avropaya uzanan beynəlxalq nəqliyyat marşrutudur.
Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona yüksələcəyi proqnozlaşdırılır. Bunun 4,2 milyon tonu marşrut iştirakçısı ölkələrin ərazisindən keçəcək, 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.
Proqnozlara görə, 2027-ci ilə qədər Orta Dəhlizin illik buraxılış qabiliyyəti 10 milyon tona çata bilər.