Alixanov: Dağlıq ərazilərin natamam uçotu onların potensialından istifadəyə mane olur
- 20 may, 2026
- 13:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Dağ yaşayış məntəqələrinin gələcək vəziyyəti iqlim dəyişikliyi və insanın təsərrüfat fəaliyyəti ilə müəyyən edilir.
"Report"un məlumatına görə, bu barədə Özbəkistan parlamentinin Qanunvericilik Palatasının komitə üzvü Boriy Alixanov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasında bildirib.
Onun sözlərinə görə, iqlimin regionun ətraf mühitinin vəziyyətinə təsirinin qiymətləndirilməsi nəzərə alınmaqla, qısa və ortamüddətli perspektivdə dağların təbii ehtiyatlarından mümkün istifadənin proqnozlaşdırılması zəruridir.
Alixanov qeyd edib ki, ekosistemlərin ehtiyatlarından istifadə üzrə ən məqbul və əsaslandırılmış həllərin axtarışı zərurəti istehlak səviyyəsinin daim artması fonunda Mərkəzi Asiyanın dağ ehtiyatlarının məhdudluğu ilə bağlıdır. Bundan başqa, dağlıq ərazilərin təbii və sosial-iqtisadi xüsusiyyətlərinin natamam uçotu onların potensialından istifadə ilə bağlı effektiv strategiyanın hazırlanmasına mane olur.
Komitə üzvü vurğulayıb ki, Mərkəzi Asiyanın dağlıq ərazilərinə düşən antropogen yük artıq icazə verilən hədləri aşıb ki, bu da ekoloji vəziyyətin pisləşməsinə gətirib çıxarır.
Onun sözlərinə görə, dağlarda təbii ehtiyatların idarə edilməsi və istifadəsi hələ də əsasən köhnəlmiş yanaşma və prinsiplərə əsaslanır.
B.Alixanov, həmçinin əlavə edib ki, regionda dağlıq rayonlarda yaşayan xalqların təbiətə qayğıkeş münasibətini əks etdirən çoxəsrlik ənənə və təcrübədən kifayət qədər istifadə olunmur.