AİİB: Azərbaycan Orta Dəhlizin əməliyyat səmərəliliyinin təmin edilməsində kritik rola malikdir

İnfrastruktur
  • 19 iyun, 2026
  • 10:05
AİİB: Azərbaycan Orta Dəhlizin əməliyyat səmərəliliyinin təmin edilməsində kritik rola malikdir

Azərbaycan Orta Dəhlizə investisiya qoyuluşlarının və əməliyyat səmərəliliyinin təmin edilməsində kritik rola malikdir.

"Report" xəbər verir ki, bunu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) baş direktoru Xiaohong Yang Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, növbəti 3 ildə Orta Dəhlizin inkişafına 28 milyard ABŞ dolları lazım olacaq: "Buna görə də, Orta Dəhlizi əməliyyat baxımından fəaliyyətə keçirmək üçün infrastruktur bir nömrəli prioritet olaraq qalır. Bizə avtomobil və dəmir yolları ilə yanaşı, gəmilər, dəniz və hava limanları, əməliyyat sistemləri və dəstək platformaları da lazımdır. Orta Dəhlizdə bir çox operatorlar birlikdə işləməlidirlər, çünki bu dəhliz multimodaldır, yalnız bir infrastruktur sektoru deyil, hər şey birlikdə işləməlidir".

"Azərbaycan kimi ölkələr çoxlu modernizasiya həyata keçiriblər. Son bir neçə gündə burada xüsusi qurumlar və dövlət müəssisələri ilə görüşmüşəm, dərindən təsirlənmişəm. Onlar əməliyyat səmərəliliyini, etibarlılığı və proqnozlaşdırıla bilənliyi təmin etməyə başlayıblar. Beləliklə, bir nömrəli məsələ infrastruktur, iki nömrəli məsələ əməliyyat səmərəliliyidir. Orta Dəhlizi investorlar və yükgöndərənlər üçün cəlbedici etmək üçün ən vacib şey onun etibarlı və proqnozlaşdırıla bilən olmasıdır. Əvvəlki dövrlərdə daşıma 1 ay çəkirdi, indi təxminən 18 gündür ki, bu da hələ çox yüksəkdir", - deyə baş direktor qeyd edib.

AIIB rəsmisi Azərbaycanda artıq bütün müxtəlif növ modellərə cavabdeh olan milli nəqliyyat qurumunun yaradıldığını diqqətə çatdırıb: "ASCON Holding" iri dövlət müəssisələrini idarə edir. Dünən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-ni (ASCO) ziyarət edəndə də çox təsirlənmişdim. Onlar gəmilərə investisiya yatırmağı, rəqəmsal platformaları, müxtəlif liman tutumlarını artırmağı ciddi şəkildə nəzərdən keçirirlər, həmçinin Qazaxıstan kimi ölkələrlə çox yaxından əməkdaşlıq edərək yükgöndərənlər və investorlar üçün təchizat zəncirinin idarəetmə sistemi kimi bir şey təqdim edə bilib-bilməyəcəklərini araşdırır. Beləliklə, iki nömrəli prioritet əslində institutlar, infrastruktur və əməliyyatlardır. Bu üç şey qüsursuz şəkildə birlikdə işləməlidir".

O, Orta Dəhlizin hər şeyi özəl sektordan cəlb etməyəcəyini əlavə edib: "Dövlət resursları və suveren əsaslı maliyyələşdirmə ilə investisiya edilməli olan çoxlu müstəqil layihələr olacaq. Layihələrin hazırlanması üçün qrantlar təqdim edən təşkilatın olması çox vacibdir ki, orada əslində strukturlaşdırılmış layihələr formalaşdırıla bilsin. Bunlar suveren və qeyri-suveren bank maliyyələşməsi, dövlət maliyyələşməsi, güzəştli maliyyələşmə, ilk-zərər zəmanətləri, qismən kredit zəmanətləri və qarışıq maliyyələşmə ilə mümkün ola bilər".

44 - Tezliklə