ADY-nin yük və sərnişin daşınmasından əldə etdiyi gəlirlər açıqlanıb
- 27 noyabr, 2024
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin bu ilin yanvar-sentyabr aylarında yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 323 milyon 372,8 min manat təşkil edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu, ötən ilin 9 ayının göstəricisindən 2,7 % azdır.
Gəlirlərin strukturunda yükdaşımalar üzrə daxilolmalar 315 milyon 237,1 min manat (3,3 % az), o cümlədən beynəlxalq istiqamətlər üzrə 274 milyon 963 min manat (2 % az), daxili istiqamətlər üzrə isə 40 milyon 274,1 min manat (10,9 % az) təşkil edib.
Beynəlxalq istiqamətlərdə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit daşımaların payı 133 milyon 270,8 min manat (2,1 % çox) olub.
Hesabat dövründə Azərbaycanın dəmir yollarında sərnişindaşımalardan 8 milyon 135,7 min manat (22,5 % çox) gəlir əldə edilib, bu həcmin hamısı daxili istiqamətlərdə daşımaların payına düşüb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dəmir yollarında 13 milyon 941,6 min ton yük (1,7 % çox) və 5 milyon 987 min sərnişin (21,8 % çox) daşınıb. Bu dövrdə tranzit yükdaşımaların həcmi 5 milyon 653,3 min ton (6,5 % çox) təşkil edib.