ADY-nin yük və sərnişin daşınmasından əldə etdiyi gəlirlər açıqlanıb

İnfrastruktur
  • 21 avqust, 2024
  • 08:32
ADY-nin yük və sərnişin daşınmasından əldə etdiyi gəlirlər açıqlanıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bu ilin yanvar-iyun aylarında yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 218 milyon 248,9 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən ilin 6 ayı ilə müqayisədə bu gəlirlərin həcmi 2,3 % azalıb.

Gəlirlərin strukturunda yükdaşımalar üzrə gəlirlər 213 milyon 252,1 min manat (2,7 % az), o cümlədən beynəlxalq istiqamətlər üzrə 184 milyon 537,7 min manat (2,1 % az), daxili istiqamətlər üzrə isə 28 milyon 714,4 min manat (6,7 % az) təşkil edib.

Beynəlxalq istiqamətlərdə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit daşımaların payı 45 milyon 619,5 min manat (12,3 % çox) təşkil edib.

Hesabat dövründə Azərbaycanın dəmir yollarında sərnişindaşımalardan 4 milyon 996,8 min manat (18,4 % çox) gəlir əldə edilib, bu həcmin hamısı daxili istiqamətlərdə daşımaların payına düşüb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dəmir yollarında 9 milyon 316,7min ton yük (1,8 % çox) və 3 milyon 849,8 min sərnişin (19,2 % çox) daşınıb.

Hesabat dövründə tranzit yükdaşımaların həcmi 3 milyon 930 min ton (11,3 % çox) təşkil edib.