ADY-nin yük və sərnişin daşınmasından əldə etdiyi gəlirlər açıqlanıb

İnfrastruktur
  • 31 may, 2024
  • 10:49
ADY-nin yük və sərnişin daşınmasından əldə etdiyi gəlirlər açıqlanıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bu ilin yanvar-mart aylarında yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 106 milyon 632,2 min manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu gəlirlərin həcmi 1,6 % azalıb.

Gəlirlərin strukturunda yükdaşımalar üzrə gəlirlər 101 milyon 939,5 min manat (2,8 % az), o cümlədən beynəlxalq istiqamətlər üzrə 88 milyon 594,7 min manat (0,1 % az), daxili istiqamətlər üzrə isə 13 milyon 344,8 min manat (17,8 % az) təşkil edib.

Beynəlxalq istiqamətlərdə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit daşımaların payı 45 milyon 619,5 min manat (12,3 % çox) təşkil edib.

Azərbaycanın dəmir yollarında sərnişindaşımalardan əldə olunan gəlir 2 milyon 389 min manat (37,6 % çox) olub, bu həcmin hamısı daxili istiqamətlərdə daşımalardan əldə edilib.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın dəmir yollarında yük daşınması 4 milyon 498,5 min ton (0,9 % çox), sərnişin daşınması 1 milyon 881,3 min nəfər (24,6 % çox) təşkil edib.

Hesabat dövründə tranzit yükdaşımaların həcmi 1 milyon 917,9 min ton (16,1 % çox) təşkil edib.