Çindən alınan yeni lokomotivlərlə 6 min tona yaxın yük daşına bilər

İnfrastruktur
  • 18 sentyabr, 2026
  • 10:54
Çindən alınan yeni lokomotivlərlə 6 min tona yaxın yük daşına bilər

Çindən Azərbaycana gətirilən yeni lokomotivlə 5-6 min ton yük daşımaq mümkün olacaq.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinisti Yusif Temnikov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çindən Azərbaycana gətirilən lokomotivlərdə bütün sistem elektronlaşdırılıb: "Çin istehsalı olan AC50 tipli lokomotivlərin köhnələr ilə fərqi innovasiya ilə bağlıdır. Bu lokomotivdə hər bir şey elektronlaşdırılıb. Yəni o deməkdir ki, qatar daha təhlükəsiz şəkildə mənzil başına çatacaq".

O qeyd edib ki, ikinci fərq daşınan yükün həcmi ilə əlaqədardır: "Məsələn, köhnə lokomotivlə 3 min ton yük daşınırdısa, yeni lokomotivlə 5-6 min ton yük daşımaq mümkün olacaq. Belə ki, iki lokomotivi ardıcıl qoşduqda, yükləri bir seksiya şəklində daşıdıqda bu həcmdə yüklər daşına biləcək. Bunun özü də qənaətdir və bizə, Azərbaycan dövlətinə faydalıdır".

Xatırladaq ki, bu gün "Azərbaycan Dəmir Yolları" (ADY) QSC Çindən 7 ədəd AC50 tipli lokomotiv alıb. Artıq bu lokomotivlər artıq Azərbaycana çatdırılıb. Lokomotivləri Çinin "CRRC Ziyang Co., Ltd" şirkəti istehsal edib.

Qeyd edək ki, bu ilin iyununda ADY ilə "CRRC Ziyang" 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında da müqavilə imzalayıb. Həmin lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur.

44 - Tezliklə