ADB Sumqayıt - Yalama dəmir yolunun yenidən qurulmasının ləngiməsinin səbəblərini açıqlayıb

İnfrastruktur
  • 30 avqust, 2024
  • 16:35
ADB Sumqayıt - Yalama dəmir yolunun yenidən qurulmasının ləngiməsinin səbəblərini açıqlayıb

Sumqayıt - Yalama dəmir yolu xəttinin bərpası layihəsinin podratçısı olan “Kolin & InCon KZ” şirkəti 333 kilometrlik hissədə tikinti işlərini 2024-cü ilin sonunadək başa çatdırmağı planlaşdırır.

Bu barədə “Report” Asiya İnkişaf Bankının (ADB) layihənin sosial monitorinq hesabatına (SASMR) istinadən xəbər verir.

Qeyd edək ki, bu dəmir yolu hissəsi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas həlqəsidir.

Hesabata əsasən, COVID-19 pandemiyası işlərə ciddi təsir göstərərək gecikmələrə səbəb olub. İyunda dərc olunmuş işlərin gedişatı ilə bağlı son hesabatda əsas problem kimi podratçının lazımi resursları təmin etməməsi göstərilib.

“Son aylardakı irəliləyiş xüsusilə yolun çəkilməsi ilə bağlı zəif olub. Podratçı təqdim edilən imkanlara baxmayaraq, sifarişçinin işin sürətini artırmaq istəklərinə reaksiya verməyib. Ballastın kifayət qədər tədarük edilməməsi geriliyin əsas səbəbidir. Mülki və torpaq işləri qənaətbəxş şəkildə aparılır, lakin təkmilləşdirilməyə də ehtiyac var. Podratçı iddia edir ki, o, işin təşkilində dəyişikliklər edib və dəmir yolu çəkmə imkanlarını artırıb, lakin bu, ciddi yaxşılaşmaya gətirib çıxarmayıb”, - ADB qeyd edir.

1-ci hissədə Qızılburundan Gilgilçaya qədər olan sol yol və Sitalçay, Giləzi, Zarat, Siyəzən və Qızılburun (7,2 km) stansiyalarından keçən sağ yol xaric bütün yol döşənib və həmin hissə artıq istifadəyə verilib. 2-ci hissədə də Gilgilçaydan Şabrana və Xudatdan Yalamaya kimi müəyyən hissələr istisna olmaqla, yolların çəkilməsi başa çatdırılıb. Ümumilikdə hər iki hissədə təxminən 276 km yol çəkilib.

Körpü və suötürücülərin əksəriyyəti artıq tikilib, Xudatdan Yalamaya qədər olan hissədə işlər davam edir. Bərpa layihəsi iki lota bölünüb: 1-ci lot Sumqayıt stansiyasından Gilgilçay stansiyasına qədər, 2-ci lot isə Gilgilçaydan Yalamadakı Rusiya sərhədinə qədər olan hissəni əhatə edir. Xətt boyu hündürlüyü 1,6-2 metrədək olan hasarlar quraşdırılacaq.

Layihəyə 157 körpünün, 354 suötürücü borunun yenidən qurulması və ya bərpası, 13 piyada keçidinin (onlardan 6-sı fiziki cəhətdən məhdud qabiliyyətli insanlar üçün nəzərdə tutulub), 10 avtomobil keçidinin və 38 heyvan keçidinin tikintisi daxildir.

Layihənin ümumi dəyəri 331 milyon ABŞ dolları təşkil edir. ADB 150 milyon ABŞ dolları (ümumi dəyərin 45,32 %-i), Fransa İnkişaf Agentliyi (AFD) isə 93,159 milyon avro (105 milyon ABŞ dolları) kredit ayırıb. Azərbaycan hökumətinin layihədəki payı 76 milyon ABŞ dolları (dəyərin 22,96 %-i) təşkil edir.

44 filmi