"AD Ports": Azərbaycan nəqliyyat infrastrukturunun inkişafı üçün ciddi işlər görüb

İnfrastruktur
  • 06 iyun, 2024
  • 12:37
AD Ports: Azərbaycan nəqliyyat infrastrukturunun inkişafı üçün ciddi işlər görüb

Azərbaycan nəqliyyat infrastrukturunun inkişafı baxımından çox ciddi işlər görüb.

"Report" xəbər verir ki, bunu Əbu-Dabinin "AD Ports Group"un kommersiya direktoru Fridrix Portner Bakı Enerji Forumunun II günündə "Neft axınları: Kross-loqistika və Azərbaycanda infrastrukturun inkişafı" mövzusunda plenar müzakirələrdə bildirib.

O qeyd edib ki, "AD Ports" 3 il əvvəl Orta Dəhliz və MDB ölkələrinə aid strategiya hazırlayıb: "Müxtəlif səhmlərə sahib olan yerli tərəfdaşlarımızla birlikdə Orta Dəhlizi genişləndirmək barədə düşündük. Ancaq texnologiyanın inkişaf etdiyi və Çindən Avropaya böyük gəmilərin hərəkət etdiyi bu gün rəqabətqabiliyyətini saxlamaq çətindir. Hazırda Əbu-Dabi Limanı olaraq "Şərq-Qərb", "Şimal-Cənub" kimi bir sıra layihələrin üzərində çalışırıq. Ancaq qarşımıza çıxan çətinliklər bir daha göstərir ki, bu işləri regionu tanıyan tərəfdaşlarla birlikdə görmək lazımdır".

F. Portner qeyd edib ki, regiondakı terminallar bir sıra səbəblərdən nəqletmənin işini müəyyən qədər çətinləşdirir: "Nəqliyyatın işinə təsir edən amillərdən biri fərqli terminal xərcləridir. Həmçinin dəmir yolu nəqliyyatında da müəyyən təkmilləşdirmələr aparılmalıdır. Biz yenə də müsbət düşünürük. Çünki geosiyasi vəziyyət bir sıra imkanlar yaradır. Azərbaycan bu kimi məsələlərə qarşı daha çox işlər görüb".