"ACWA Power": Su təchizatında maya dəyəri 3–4 dollardan 1 dollardan aşağıya endirilib
- 11 sentyabr, 2025
- 12:27

Son 15 ildə duzsuzlaşdırma texnologiyaları hesabına bir kubmetr, yəni 1 000 litr su istehsal etmək üçün tələb olunan enerjini 15 kilovat/saatdan 2,7 kilovat/saata qədər endirib.
"Report" xəbər verir ki, bunu "ACWA Power" şirkətinin baş icraçı direktoru Marco Arcelli Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində deyib.
"Bu isə 80 %-dən çox enerji qənaəti deməkdir. Nəticədə əvvəllər 3-4 ABŞ dolları olan maya dəyəri indi kubmetr başına 1 dollardan xeyli aşağı səviyyəyə enib", - M. Arcelli bildirib.
O hesab edir ki, bir çox ölkələr və siyasətçilər su çatışmazlığını aradan qaldırmaq üçün vaxtında tədbirlər görmürlər.
Onun sözlərinə görə, su əhalinin çox vaxt pulsuz hesab etdiyi bir resursdur və bu yanaşma düzgün idarəçiliyin gecikməsinə səbəb olur:
"Su çox maraqlı bir əmtəədir - ya göydən, ya da yerin altından gəlir, amma əksər hallarda pulsuz kimi qəbul olunur. Buna görə də insanlar onu pulsuz resurs hesab edirlər. Məhz bu səbəbdən bir çox siyasətçilər real tədbirlər görmək üçün böhranlı anı gözləyirlər. Elə buna görə də mən Azərbaycanın COP-da suyun kritikliyi və mərkəzi yeri ilə bağlı verdiyi bəyanatı yüksək qiymətləndirirəm".
M. Arcelli əlavə edib ki, özəl sektor bu prosesdə vacib rol oynayır və "ACWA Power" hökumətlərlə sıx əməkdaşlıq edərək həll yolları təqdim edir. Onun sözlərinə görə, şirkət hazırda dünyada ən böyük duzsuzlaşdırma texnologiyaları təminatçısıdır:
"Hazırda dörd ölkədə fəaliyyət göstəririk, tezliklə bu say altıya çatacaq. Gündə 9 milyon kubmetrdən çox duzsuzlaşdırma gücümüz var. Burada biz innovativ həllər təqdim edirik. Şirkət son yeddi tenderin hamısını qazanıb".