Abşeron Logistika Mərkəzində aşırılan yüklərin həcmi açıqlanıb

İnfrastruktur
  • 11 sentyabr, 2025
  • 17:51
Abşeron Logistika Mərkəzində aşırılan yüklərin həcmi açıqlanıb

Bu ilin əvvəlindən indiyədək Abşeron Logistika Mərkəzində 2,7 milyon ton yük aşırılıb.

Bunu "Report"a açıqlamasında Abşeron Logistika Mərkəzinin Biznes Departamentinin direktoru Elçin Adıyev bildirib.

E. Adıyev vurğulayıb ki, hazırda mərkəzin illik yükaşırma qabiliyyəti 11 milyon tondur: "Bu il Abşeron Logistika Mərkəzində 2,7 milyon ton yük aşırılıb. Bu o deməkdir ki, mərkəzin yükaşırma ilə bağlı böyük potensialı var. Hazırda gömrük rejimli anbarların, qapalı anbar xidmətlərinin artırılması istiqamətdə fəaliyyət göstəririk. Bundan başqa, Zəngəzur dəhlizi açıldıqdan sonra Abşeron Logistika Mərkəzinin bu istiqamətdə təchizat zəncirinə böyük dəstək verəcək".

Onun sözlərinə görə, Abşeron Logistika Mərkəzi hazırda 6 sahə üzrə fəaliyyət göstərir: "Buraya beynəlxalq yükdaşımalar, tranzit multimodal əməliyyatlar, terminal xidmətləri, broker xidmətləri, anbar xidmətləri, ölkədaxili yükdaşımalar xidməti daxildir. Hazırda terminalın ümumi ərazisi 67 hektardır. Bizim 30 min kvadrat metrdən çox qapalı anbarlarımız mövcuddur. Bu anbarlar müxtəlif növ gömrük rejimləri standartlarına cavab verir".