ABADA: "Şimal-Cənub” dəhlizi üzrə yükdaşımalarda Azərbaycanın önəmi artır"

İnfrastruktur
  • 17 iyun, 2023
  • 13:30
ABADA: Şimal-Cənub” dəhlizi üzrə yükdaşımalarda Azərbaycanın önəmi artır

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımalarda Azərbaycanın önəmi artır.

“Report” "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinə istinadən xəbər verir ki, bunu qurumun prezidenti Həbib Həsənov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumda bildirib.

O deyib ki, son 20 ildə Azərbaycanda 15 min km avtomobil, 1 400 km dəmir yolu tikilib və əsaslı təmir olunub, yeni hava limanları, beynəlxalq dəniz limanı istifadəyə verilib.

Tədbir çərçivəsində baş tutmuş "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi-əməkdaşlığın inkişafı" mövzusundakı dəyirmi masada çıxış edən ABADA rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Şimal-Cənub dəhlizinə yük axınını artıracaq, onun bütün marşrutlarını daha cəlbedici və effektiv edəcək: "Azərbaycanda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kəsişir. Bu baxımdan, son zamanlarda gündəmdə olan regiondakı digər nəqliyyat kommunikasiyalarının da açılmasının strateji əhəmiyyətini vurğulamaq istərdim. Düşünürük ki, o cümlədən Zəngəzur dəhlizinin işə salınması adı çəkilən beynəlxalq koridorlardan istifadə edəcək dövlətlərin istisnasız hər birinin yararına olacaq".

ABADA prezidenti həmçinin qeyd edib ki, nəqliyyat əlaqələrinin inkişafı və tranzit potensialından istifadənin genişləndirilməsi Azərbaycanın nəqliyyat siyasətinin ən mühüm prioritetlərindəndir. "Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkənin qlobal nəqliyyat sistemində ən qısa nəqliyyat dəhlizlərinin yaradılmasında rolunu əhəmiyyətli dərəcədə artırır. Bu da Azərbaycanın nəqliyyat əlaqələrinin inkişafını stimullaşdırır və tranzit potensialından maksimum istifadəni aktuallaşdırır”.