Tbilisidə "Şükriyyə" tamaşası nümayiş olunur

İncəsənət
  • 14 oktyabr, 2025
  • 19:24
Tbilisidə Şükriyyə tamaşası nümayiş olunur

Tbilisidə "Şükriyyə" tamaşası nümayiş olunur.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın paytaxtında, Şota Rustaveli adına Milli Teatrda bu gün Azərbaycan səhnə sənətinə həsr olunmuş növbəti mədəni tədbir keçirilir.

Saat 19:00-da tamaşaçılara yazıçı Cavid Zeynallının eyniadlı əsəri əsasında hazırlanmış "Şükriyyə" tamaşası təqdim olunur.

Tamaşa istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin ağır sürgün taleyinə həsr olunub. Əsərdə həmçinin Gürcüstandan və digər ölkələrdən sürgün edilən qadınların həyatına da işıq salınır.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Layihə Azərbaycan Mədəniyyət Nazirliyinin və Gürcüstan Mədəniyyət Nazirliyinin və Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi, həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Şota Rustaveli adına Milli Teatr arasında 22 fevral 2025-ci ildə imzalanmış beynəlxalq əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Tamaşada əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), xalq artisti Əli Nur (Süleyman bəy), əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış edirlər.

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin sürgün həyatı haqqındadır. Məhəbbətinin qurbanı olan Şükriyyə Stalin rejiminin repressiya qurbanı kimi Qazaxıstanın Akmolinski vilayətində 8 il sürgün cəzası çəkib.

Tamaşanın əsas hadisəsinə paralel olan süjet xətlərində Şükriyyə Axundzadə ilə bərabər digər ölkələrdən, o cümlədən Gürcüstandan sürgün olunan qadınların da taleyinə işıq salınır, insanın mənəvi təmizliyi, çətin sınaqlar qarşısında ləyaqət hissini qoruması tamaşaçılara təqdim olunur.

Xatırladaq ki, iki teatr arasında Memorandumu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Ş.Rustaveli adına Akademik Teatrının direktoru Giorgi Tevzadze imzalayıblar.

Memoranduma əsasən, teatrlar arasında qarşılıqlı ustad dərsləri, rejissorlar arasında görüşlərin keçirilməsi, birgə tamaşaların hazırlanması, yaradıcı kollektivlərin qastrollarının, müxtəlif mədəni tədbirlərin təşkili planlaşdırılıb.

Memorandumdan irəli gələn məsələlərin həlli istiqamətində ilk addım Gürcüstan Milli Teatrının Bədii rəhbəri, dünya şöhrətli rejissor Robert Sturuanın bu ilin martın ayında Akademik Milli Dram Teatrında təşkil olunan ustad dərsi olub.

Gürcüstanın Şota Rustaveli adına Akademik Milli Teatrında Azərbaycanın Akademik Milli Dram Teatrının tarixini əks etdirən foto­sərgi də nümayiş olunur.

Bu sərgi tamaşa ilə yanaşı, Azərbaycan teatr sənətinin zəngin keçmişini, görkəmli sənətkarların fəaliyyətini və teatrın inkişaf mərhələlərini əks etdirən nadir arxiv şəkillərdən ibarətdir.

Tədbir Gürcüstan ictimaiyyəti üçün Azərbaycan mədəniyyətinin, teatr sənətinin və yaradıcı əməkdaşlığın nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti